Fransanın Landes əyalətinin Luqlon kəndində davam edən meşə yanğınında 1100 hektar ərazinin külə döndüyü bildirilib.
Avropa.info xəbər verir ki, Landes Qubernatorluğundan verilən açıqlamaya görə, Luqlonda meşə yanğını davam edir.
İndiyədək yanğında 1100 hektar ərazi külə dönüb. Bölgəyə sövq edilən 500 yanğınsöndürən və 51 jandarma əsgəri yanğınla mübarizə tədbirlərini davam etdirir.
Luglon kəndinin şimal və qərbindəki iki yol nəqliyyat üçün bağlanarkən, Landes qubernatoru Gilles Clavreulun göstərişi ilə ərazidə yaşayan təxminən 525 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib.
Luqlonda dünən başlayan meşə yanğınının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Fransa meteorologiya agentliyi Meteo-France tərəfindən verilən açıqlamaya görə, ölkədə meşə yanğını təhlükəsi səbəbindən 57 əyalətdə “narıncı”, 4 əyalətdə isə “qırmızı” həyəcan elan edilib.
Həddindən artıq istilərin yanğınlara mənfi təsir göstərdiyi Fransada bu il meşə yanğınları nəticəsində 117 min hektardan çox ərazi külə dönüb.





























