“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını Zəngilan rayonunun Ağalı kəndində davam etdirib.
Avropa.info xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə birgə həyata keçirilən qrant müsabiqəsi çərçivəsində icra olunur.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır.
Növbəti maarifləndirmə tədbiri Zəngilan rayonunun Ağalı kəndində keçirilib. Tədbirdə müəllimlər və şagirdlər iştirak ediblər. Ümumilikdə tədbirə 72 nəfər qatılıb.
Layihə rəhbəri iştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları barədə məlumat verib. Təlimçilər tərəfindən isə ən çox rast gəlinən mina və PHS növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları və digər zəruri məsələlər barədə ətraflı məlumat təqdim olunub. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər verilib.
Tədbir iştirakçıları və məktəbin müəllimləri bu tədbirin təşkil olunmasına görə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinə və layihənin donorlarına minnətdarlıqlarını bildiriblər.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi təşkil olunan tədbirə göstərdikləri diqqət və köməyə görə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşlarına, Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə öz minnətdarlığını bildirib.
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad olunmuş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Bu insanlar mütləq partlayış riskləri və təhlükə hiss etdikdə hansı dövlət orqanlarına necə müraciət edəcəkləri barədə məlumatlandırılmalı, onlarda ehtiyatlı davranış vərdişləri formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu insanların çox böyük əksəriyyəti işğal müddətində ölkənin müxtəlif regionlarında məskunlaşdıqları yerlərdə bu təhlükə ilə rastlaşmadıqlarından ilk dəfə belə maarifləndirmə proqramlarına cəlb olunurlar.
Partlayıcı sursatlar təhlükəsinə dair növbəti maarifləndirmə tədbirləri Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarında həyata keçiriləcək.































