Azərbaycan və NATO arasında əməkdaşlığın inkişafı və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Avropa.info xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
O bildirib ki, NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsi ilə “NATO+Azərbaycan” formatında keçirilən görüşdə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti, eləcə də regional və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan uzun illərdir NATO-nun etibarlı tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir. O həmçinin tərəfdaşlığımızın qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslandığını vurğulayıb: “Azərbaycan 1994-cü ildə müharibə və qeyri-müəyyənlik dövründə bu tərəfdaşlığa qoşulub. Bu gün isə sizin qarşınızda bərpa edilmiş suverenlik, real sülh və artan regional məsuliyyət mövqeyindən çıxış edirik.
Təhlükəsiz, əlaqəli və sülh içində olan Cənubi Qafqaz naminə bu tərəfdaşlığı daha da irəli aparmağa hazırıq”.




