Siyasət

Razi Nurullayev:”​Azərbaycan iki il əvvəl COP29-a ev sahibliyi etsə də, ölkəmiz hələ də iqlim gündəliyinin ən fəal müdafiəçiləri sırasındadır”

16 Noyabr 2026, 15:44200
Reklam728x90
Reklam320x100

Avropa.info xəbər verir ki, Milli CƏbhə Partiyasının başqanı, Məclisin deputatı Razi Nurullayev «Bakinski raboçi» qəzetinə müsahibəsində iqlimin mühafizəsində Azərbaycanın rolu barədə fikirlərini bölüşüb.

– Demək olarmı ki, Azərbaycanın 9-20 noyabr tarixlərində Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirakı «yaşıl» energetika sahəsindəki milli nailiyyətlərin təqdimatı çərçivəsindən xeyli kənara çıxır?

– Şübhəsiz. Bu gün Azərbaycanın COP31-də iştirakı sadəcə bərpaolunan energetika sahəsində milli nailiyyətlərin təqdim edilməsindən daha geniş əhəmiyyət kəsb edir. Ölkəmiz artıq sübut edib ki, o, təkcə irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməyə deyil, həm də qlobal gündəliyin formalaşmasına real töhfə verməyə qadirdir. Bakıda keçirilən COP29 mühüm diplomatik hadisə oldu. Konfransın əsas nəticələrindən biri inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard ABŞ dolları məbləğində yeni iqlim maliyyələşməsi hədəfi barədə razılığın əldə edilməsi idi. Bu qərar gələcək beynəlxalq danışıqlar üçün prinsipial əhəmiyyət daşıyırdı.

Ona görə də bu gün Azərbaycan təkcə öz təşəbbüslərini təqdim edən dövlət kimi deyil, Bakıda başlanmış prosesin davam etdirilməsində maraqlı olan ölkə kimi çıxış edir. Biz əldə olunmuş razılaşmaların praktiki müstəvidə həyata keçirilməsində və iqlim diplomatiyasının konkret nəticələr verməsində maraqlıyıq.

– Azərbaycan iki il əvvəl COP29-a ev sahibliyi etsə də, ölkəmiz hələ də iqlim gündəliyinin ən fəal müdafiəçiləri sırasındadır. Prezident İlham Əliyevin və ölkəmizin geniş tərkibli nümayəndə heyətinin Antalyada iştirakı da bunu göstərir. Azərbaycanın bu cür fəal mövqeyi nə ilə bağlıdır?

– İlk növbədə, bu, iqlim dəyişikliklərinin bilavasitə milli maraqlarımıza toxunması ilə bağlıdır. Biz su təhlükəsizliyi, quraqlıq, torpaqların deqradasiyası, su balansının dəyişməsi və digər ekoloji çağırışlarla üzləşirik. Bütün bunlar kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinə, iqtisadiyyata və əhalinin həyat keyfiyyətinə təsir göstərir.

Azərbaycan üçün iqlim gündəliyi mücərrəd beynəlxalq mövzu deyil, ölkənin uzunmüddətli inkişafı məsələsidir. Biz anlayırıq ki, enerji transformasiyası, su ehtiyatlarından səmərəli istifadə və ekoloji cəhətdən dayanıqlı texnologiyaların tətbiqi iqtisadi rəqabətqabiliyyətliliyin mühüm şərtlərinə çevrilir.

Məsələnin siyasi-diplomatik tərəfi də var. COP29-un keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı. Ölkəmiz müxtəlif maraqlara və mövqelərə malik dövlətlər arasında dialoq meydanı kimi çıxış etmək bacarığını nümayiş etdirdi. Bu uğura başa çatmış mərhələ kimi baxmaq düzgün olmazdı. Əksinə, o, fəal işin davam etdirilməsini tələb edir.

Prezident İlham Əliyevin Antalyada iştirakı Azərbaycanın xarici siyasət kursunun ardıcıllığını nümayiş etdirir. Biz beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq və hesab edirik ki, iqlim problemlərini ayrı-ayrı dövlətlərin səyləri ilə həll etmək mümkün deyil. Burada ortaq məsuliyyət, siyasi iradə və resursların ədalətli bölgüsü zəruridir.

– Azərbaycan iqlim məsələləri üzrə müzakirələrdə vasitəçi rolunu oynamağa, inkişaf etməkdə olan ölkələrin mövqeyini və müraciətlərini inkişaf etmiş dövlətlərə və beynəlxalq maliyyə institutlarına çatdırmağa nə dərəcədə nail olur?

– Bakı inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında mühüm əlaqələndirici funksiyanı yerinə yetirə bildiyini sübut etdi. Mən bunu klassik vasitəçilikdən daha çox, qarşılıqlı məqbul həll yollarının tapılmasına yönəlmiş konstruktiv diplomatiya adlandırardım. Beynəlxalq iqlim siyasətinin əsas problemlərindən biri məsuliyyətin və maliyyə imkanlarının qeyri-bərabər bölüşdürülməsidir. Qlobal emissiyaların toplanmasında tarixi payları xeyli az olsa da, iqlim dəyişiklikləri qarşısında ən həssas tərəf çox vaxt məhz inkişaf etməkdə olan ölkələr olur. Eyni zamanda, investisiyaların cəlb edilməsi, müasir texnologiyaların tətbiqi və iqtisadiyyatın yeni şəraitə uyğunlaşdırılması baxımından ən böyük çətinliklərlə məhz bu dövlətlər üzləşirlər.

COP29-da Azərbaycan bu problematikaya xüsusi diqqət ayırdı. İqlim maliyyələşməsi ilə bağlı Bakıda əldə olunan razılaşma irəliyə doğru mühüm addım oldu. Bundan başqa, ölkəmiz Braziliya ilə birlikdə 2035-ci ilə qədər hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyələşməsinin səfərbər edilməsini nəzərdə tutan «Bakı–Belen Yol Xəritəsi»nin hazırlanmasında iştirak etdi.

Lakin burada bir məqamı anlamaq vacibdir: problemin beynəlxalq səviyyədə etiraf olunması hələ onun həlli demək deyil. Bu gün maliyyə resurslarının həqiqətən inkişaf etməkdə olan ölkələrə çatmasına, vəsaitlərin əldə edilməsi şərtlərinin əlçatan olmasına və beynəlxalq maliyyə institutlarının dövlətlərin real iqtisadi imkanlarını nəzərə almasına nail olmaq lazımdır.

Azərbaycan ardıcıl olaraq bu yanaşmanı müdafiə edir. Biz inkişaf etmiş və inkişaf etməkdə olan dünyanı qarşı-qarşıya qoymaqda maraqlı deyilik. Mövqeyimiz bundan ibarətdir ki, iqlim əməkdaşlığı ədalət, qarşılıqlı məsuliyyət və dövlətlərin milli maraqlarına hörmət prinsipləri üzərində qurulmalıdır. Məhz bu yanaşma davamlı beynəlxalq razılaşmalara nail olmağa imkan verir.

– Azərbaycan COP31-ə sədrliyi çərçivəsində Türkiyəyə nə ilə kömək edə bilər?

– Ölkəmiz COP29-un keçirilməsi ilə bağlı ciddi praktiki təcrübəyə malikdir və biz bu təcrübəni, şübhəsiz ki, Türkiyə ilə bölüşə bilərik. Belə bir konfransın təşkili təkcə irimiqyaslı logistik iş deyil, həm də onlarla ölkə, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə daimi qarşılıqlı fəaliyyət tələb edən mürəkkəb diplomatik prosesdir.

Biz çətin danışıqlardan keçdik, maliyyələşmə, enerji keçidi və iqlim məsuliyyəti məsələlərində dövlətlərin mövqelərini uzlaşdırmağın nə qədər mürəkkəb olduğunu gördük. Ona görə də danışıqlar prosesinin təşkili, kompromislərin tapılması və dialoqun qurulması sahəsindəki təcrübəmiz Türkiyə sədrliyi üçün praktiki dəyər daşıyır.

Bakı və Ankara arasındakı strateji müttəfiqlik də xüsusi əhəmiyyət kəsb edir. Münasibətlərimiz siyasət və energetikadan tutmuş nəqliyyat, iqtisadiyyat və regional təhlükəsizliyə qədər demək olar ki, bütün əsas istiqamətləri əhatə edir. İqlim diplomatiyası iki ölkənin razılaşdırılmış şəkildə fəaliyyət göstərə biləcəyi daha bir istiqamətə çevrilir.

Bundan əlavə, Azərbaycan, Braziliya və Türkiyə COP sədrliklərinin varislik mexanizmi — «COP Üçlüyü» (COP Troika) ilə bağlıdırlar. Bu, institusional yaddaşı qoruyub saxlamağa, toplanmış təcrübəni ötürməyə və beynəlxalq iqlim siyasətinin ardıcıllığını təmin etməyə imkan verir.

Əminəm ki, Bakı Ankaraya, xüsusilə inkişaf etməkdə olan ölkələrlə qarşılıqlı fəaliyyət və iqlim maliyyələşməsi üzrə qərarların irəli sürülməsi məsələlərində məzmunlu diplomatik dəstək göstərə bilər. Türkiyənin COP31-i uğurla keçirməsi təkcə ikitərəfli münasibətlər üçün deyil, bütün region üçün əhəmiyyətli olacaq.

– Türkiyə COP31 çərçivəsində dövlətlərin iqlim gündəliyi üzrə öhdəliklərindən real nəticələrə keçidi üçün zəruri şərait yarada biləcəkmi?

– COP31-in siyasi öhdəliklərdən praktiki addımlara keçiddə mühüm mərhələyə çevrilməsi üçün Ankaranın zəruri ilkin şərtləri var. Lakin burada çox şey konfrans iştirakçılarının ümumi bəyanatlardan konkret icra mexanizmlərinə keçməyə hazır olmasından asılı olacaq.

Son illər ərzində beynəlxalq ictimaiyyət xeyli iqlim öhdəliyi qəbul edib. Dövlətlər emissiyaların azaldılması, bərpaolunan energetikanın inkişafı, enerji səmərəliliyinin artırılması və iqlim dəyişikliklərinə uyğunlaşma barədə bəyanatlar verirlər. Lakin bu öhdəliklərlə real nəticələr arasında hələ də ciddi uçurum mövcuddur.

Bunun əsas səbəbi bir çox hallarda maliyyələşmə ilə bağlıdır. Tamamilə fərqli iqtisadi imkanlara malik dövlətlərdən eyni templə iqlim transformasiyası gözləmək olmaz. İnkişaf etməkdə olan ölkələrə əlçatan kreditlər, investisiyalar, müasir texnologiyalar və beynəlxalq maliyyə institutlarının dəstəyi lazımdır. Özü də söhbət təkcə enerji layihələrinin deyil, həm də su infrastrukturunun, kənd təsərrüfatının, torpaqların mühafizəsinin və şəhərlərin dayanıqlı inkişafının maliyyələşdirilməsindən gedir.

Türkiyə ciddi sənaye, texnoloji və infrastruktur potensialına malikdir. Bundan başqa, onun coğrafi mövqeyi və irimiqyaslı enerji layihələrinin icrası təcrübəsi praktiki iqlim gündəliyinin irəli aparılması üçün yaxşı imkanlar yaradır.

Lakin mən konfransın uğurunu yalnız qəbul edilmiş sənədlərin sayı ilə qiymətləndirməzdim. Nəticə etibarilə beynəlxalq iqlim siyasəti konkret göstəricilərlə ölçülməlidir: cəlb edilmiş investisiyaların həcmi, icra olunmuş layihələrin sayı, yaradılmış enerji gücləri, suya çıxış imkanlarının yaxşılaşdırılması və kənd təsərrüfatının dayanıqlığının artırılması.

Bu kontekstdə Bakıda başlanmış işin davam etdirilməsi xüsusilə vacibdir. COP29 iqlim maliyyələşməsinin gələcək inkişafı üçün ciddi zəmin yaradıb, COP31 isə bu qərarların praktiki müstəvidə irəli aparılmasında mühüm mərhələyə çevrilə bilər. Ümid edirəm ki, Türkiyə sədrliyi bu prosesə sanballı töhfə verə biləcək. Axı iqlim dəyişiklikləri dövlət sərhədlərini tanımır və heç bir ölkə bu çağırışın öhdəsindən təkbaşına gələ bilməz.

Avropa.info

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600