Azərbaycanda orta təhsil sisteminin mövcud vəziyyəti artıq ciddi ictimai və hüquqi müzakirə tələb edir. Şəxsi müşahidələr və valideynlərin təcrübəsi göstərir ki, orta məktəblər özünün əsas funksiyası olan təlim-tədris və tərbiyədən uzaqlaşaraq, daha çox tədbirlərin təşkilinə, bayram hazırlıqlarına və görüntü xarakterli işlərə resurs sərf edir. Nəticədə dövlət büdcəsi məktəbi və müəllimi saxlayır, valideyn isə övladının real bilik alması üçün repetitor xidmətinə əlavə vəsait ayırmağa məcbur qalır.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vüqar Dadaşov orta təhsil sistemindəki problemləri, repetitorluq institutunun doğurduğu maliyyə yükünü və müəllim əməyinin qiymətləndirilməsi mexanizmlərini şərh edərkən bildirib.
Eyni təhsil xidməti iki dəfə maliyyələşdirilir
Başqan müavini məktəblərin formal attestat verən quruma çevrilməsinin həm dövlət büdcəsi, həm də ailələr üçün ağır maliyyə yükü yaratdığını vurğulayıb:
“Bu gün şagirdlərin böyük hissəsi məktəbə bilik və bacarıq əldə etməkdən daha çox, formal təhsil sənədi almaq məqsədilə gedir. Müəllimlərin mütləq əksəriyyəti isə məktəbdə dövlət əməkhaqqı müqabilində keçməli olduğu dərsi formal icra edib, eyni şagirdlərə repetitor kimi əlavə ödənişlə dərs deyir. Beləliklə, dövlət müəllimin maaşını, məktəbin binasını və inzibati xərclərini ödəyir, valideyn isə nəqliyyat, geyim və qidalanma xərcləri ilə yanaşı, repetitora da pul ayırır. Bu, mahiyyət etibarilə eyni təhsil xidmətinin iki dəfə maliyyələşdirilməsidir. Demək, dövlətin maliyyələşdirdiyi orta məktəbin real funksiyası və ictimai faydası sıfırlanıb”.
Repetitor fəaliyyəti hüquqi tənzimləmə tələb edir
Hüquqşünas dövlət məktəbində çalışan müəllimlərin kommersiya əsaslı hazırlıq fəaliyyətinə nəzarət edilməsinin və maaşların nəticəyə bağlanmasının vacibliyini qeyd edib:
“Dövlət büdcəsindən əməkhaqqı alan rəsmi müəllimlərin repetitor fəaliyyəti ayrıca hüquqi və institusional tənzimləmə tələb edir. Məktəbdə əsas vəzifəsini formal yerinə yetirib, kənarda ödənişli hazırlıqla gəlir əldə etməyin qarşısı alınmalıdır. Müəllimin əməkhaqqı və peşəkar qiymətləndirilməsi yalnız dərs saatlarının formal hesablanmasına deyil, şagirdlərin real bilik göstəricilərinə və tədrisin keyfiyyətinə əsaslanmalıdır. Digər tərəfdən, əməkhaqqının ailə təminatına yetməməsi və peşənin nüfuzunun zəifləməsi məktəblərdə kişi müəllimlərin sayını da kəskin azaldıb ki, bu da sistemdə sosial tarazlığın pozulması deməkdir”.
Məktəb şou-tamaşa sisteminə çevrilibsə, kimə xidmət edir?
MCP rəsmisi büdcə xərclərinin səmərəliliyi fonunda orta məktəblərin mövcud fəlsəfəsinin yenidən nəzərdən keçirilməli olduğunu bildirərib:
“Artıq inkar etmək olmaz ki, orta məktəblər həm dövlət büdcəsi, həm də valideynlər üçün paralel ağır maliyyə yükünə çevrilib. Yeri gəlmişkən, Maliyyə Nazirliyi də onsuz da büdcə xərclərinə qənaət axtarır. Əgər valideyn övladının təhsilini faktiki özü maliyyələşdirirsə və məktəb yalnız formal davamiyyətlə sənəd verirsə, onda indiki orta məktəblərin mövcudluğuna nə ehtiyac var? Əsas sual budur: dövlət məktəbi və müəllimi saxlayır, məktəb isə şou-tamaşa təyinatlı sistemə çevrilibsə, bu halda orta məktəb kimə və nəyə xidmət edir?”




