Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İmişli səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı İmamverdi Əliyevin növbəti ildönümü ilə əlaqədar ailəsini ziyarət edib.
Avropa.info xəbər verir ki, Millət vəkili görüşlə bağlı paylaşımında bildirib ki, qəhrəman şəhidlərimizin əziz xatirəsini uca tutmaq və onların ailələrinə diqqət göstərmək hər birimizin mənəvi borcudur:
“Milli Qəhrəman İmamverdi Əliyevin növbəti ildönümü ilə bağlı ailə üzvlərini İmişli şəhərində ziyarət etdim. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən igid övladlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
MCP başqanı müharibə iştirakçılarına və şəhid valideynlərinə xoş arzularını çatdırıb:
“Torpaqlarımızın müdafiəsində şücaət göstərən qazilərimizə və müharibə iştirakçılarına möhkəm cansağlığı, doğmalarını Vətən yolunda qurban verən şəhid ailələrinə və valideynlərinə isə səbir və dözüm arzulayıram”.





