Hakimlərin həmkarlarının korrupsiya risklərini və etik pozuntularını aşkar etdikdə bu barədə məlumat verməli olduqları ilə bağlı yazılar geniş müzakirə olunur. Lakin əsl ədalət mühakiməsinin bərqərar olması üçün yalnız daxili nəzarət kifayət etmir, ilk növbədə hakimlərin kənar təsirlərdən qorunması vacibdir.
Avropa.info xəbər verir ki, bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev məhkəmə sistemindəki korrupsiya riskləri, hakimlərə müdaxilə cəhdləri və real müstəqilliyin təmin olunması yollarını şərh edərkən bildirib.
Göstəriş və zənglərə son qoyulmalıdır…
Başqan müavini hakimlərin fəaliyyətinə qeyri-rəsmi müdaxilə mexanizmlərinin aradan qaldırılmasını tələb edib:
“Yaxşı, bəs hakimin özünə kənardan edilən təzyiqlər necə aradan qaldırılmalıdır? Məhkəmə-Hüquq Şurasından, nazirliklərdən, rayon icra hakimiyyətlərindən və hüquq-mühafizə orqanlarından gələn zənglərə, göstəriş və xahişlərə, votsap mesajlarına, qeyri-rəsmi görüşlərə də son qoyulmalıdır. Hakimə real müstəqillik verilməli, layiqli əməkhaqqı və sosial təminat yaradılmalı, peşəkar və vicdanlı fəaliyyəti stimullaşdırılmalıdır. Ədalət mühakiməsi göstərişlə deyil, qanunla həyata keçirilməlidir”.
Pozuntulara şərait yaradan amillər kökündən ləğv edilməlidir
MCP rəsmisi məhkəmə sisteminə inamın bərpası üçün köklü islahatların vacibliyini önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Əsl müstəqil hakim qanundan başqa heç kimdən asılı olmamalıdır! Çünki korrupsiya ilə mübarizə yalnız pozuntuları ifşa etməklə məhdudlaşmamalıdır. Həm də bu pozuntulara şərait yaradan amillər aradan qaldırılmalıdır. Əks halda, cəmiyyətin məhkəmə sisteminə inamını möhkəmləndirmək əvəzinə, ona olan etimad daha da sarsıla bilər”.




