Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Lixtenşteynlə doğma meydanda keçirdiyi qarşılaşmada göstərdiyi zəif oyun və nəticə idman ictimaiyyətinin və cəmiyyətin kəskin narazılığına səbəb olub.
Avropa.info xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Vüqar Dadaşov sosial şəbəkə hesabında milli komandanın son çıxışına və baş məşqçi Ayxan Abbasovun fəaliyyətinə münasibət bildirib.
MCP rəsmisi milli komandanın nümayiş etdirdiyi futbolun dözülməz həddə çatdığını diqqətə çatdırıb:
“Azərbaycan millisinin Millətlər Liqasında FİFA reytinqində ən sonuncu yerlərdə qərarlaşan və qeyri-peşəkar Lixtenşteynlə doğma meydanda keçirdiyi oyun bir daha göstərdi ki, problem yalnız nəticədə deyil, komandanın oyun fəlsəfəsinin və taktiki idarəetməsinin olmamasındadır. Potensiallı futbolçuları olan milli komandanın belə futbol nümayiş etdirməsi baş məşqçi Ayxan Abbasovun peşəkar bacarığına və oyunçular arasında nüfuzuna ciddi suallar yaradır”.
Başqan müavini vaxtilə A.Abbasovun təyinatını dəstəklədiyini, lakin mövcud mənzərənin ümidləri doğrultmadığını vurğulayıb:
“Ayxan müəllimdən əvvəlki baş məşqçi, portuqaliyalı mütəxəssis Fernando Santosun istefasına, Ayxan Abbasovun təyin olunmasına və müqaviləsinin uzadılmasına şəxsən mən də dəstək vermişdim. Ancaq Ayxan müəllim ümidlərimizi doğrultmadı. O, komandanın potensialından istifadə edə bilmir, oyunu düzgün qura bilmir. Milli komandanın meydanda sistemsiz, ideyasız və inamsız davranışı artıq reqressiya formasını alıb. Qənaətim budur: Ayxan Abbasov artıq bu yerdə dayanmalıdır. O, bu vəzifəyə layiq olduğunu nəticə və oyun keyfiyyəti ilə sübut edə bilmədi. Cırtdan və qeyri-peşəkar komandalara qarşı belə oynaya bilməyən milli komandanın baş məşqçisi Ayxan müəllim özü bu mənzərəni obyektiv qiymətləndirərsə, istefaya getməlidir. Ancaq o fikirdə qalıram ki, məşqçimiz öz yerli kadrlarımızdan olmalıdır”.
Vüqar Dadaşov çıxışının sonunda mövcud uğursuzluğun əsas məsuliyyətinin futbol rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib:
“11 milyonluq bir xalq, dövlət 40 minlik bir stadiona yerləşən əhali sayına malik ölkənin komandasına uduzursa, bu biabırçılıq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının – AFFA-nın xəcaləti olmalıdır”.





























