Filippinin cənubundakı orta məktəbə silahlı hücum nəticəsində ilkin məlumata görə, 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Avropa.info xəbər verir ki, “Manila Times” qəzetinin məlumatına görə, Milli Təhqiqat Bürosunun (NBI) verdiyi açıqlamada ölkənin cənubundakı Zamboanqa şəhərindəki liseydə dərslərin başlamasına az qalmış silahlı hücumun edildiyi bildirilib.
Açıqlamada, məktəbə silahla gələn hücumçunun lisey son sinif şagirdi olduğu təxmin edildiyi bildirilib.
İlkin məlumata görə, hücumda 2 şagird və 2 mühafizəçi ölüb, 9 nəfər yaralanıb, hücumun səbəbini və məktəbdə mümkün təhlükəsizlik zəifliklərini müəyyən etmək üçün araşdırma başlanıb.
Hadisə ilə bağlı verdiyi açıqlamada Filippin Prezidenti Kiçik Ferdinand Markos təhlükəsizlik qüvvələrinə hücumla bağlı hərtərəfli araşdırma aparmağı əmr edib.
Markos həmçinin səlahiyyətlilərdən məktəblər və yerli icmalarla əməkdaşlıq edərək tələbələrin təhlükəsizliyini təmin etmək üçün tədbirləri gücləndirməyi xahiş etdi.






























