16 aprel tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” təşkil olunub. Layihə çərçivəsində yazıçı Gülzar İbrahimova ilə “İdrak” liseyinin 3-cü sinif şagirdlərinin görüşü baş tutub. Görüş zamanı uşaqlar üçün maraqlı və interaktiv nağıl saatı təşkil edilib.
Avropa.info xəbər verir ki, Yazıçı Gülzar İbrahimova şagirdlərlə səmimi söhbət apararaq onlara müxtəlif nağıllar oxuyub, balaca oxucuların suallarını cavablandırıb və mütaliənin əhəmiyyətindən danışıb. Yazıçı “Sirus və virus” adlı kitabından hekayələri şagirdlərin diqqətinə çatdırıb.
Tədbir iştirakçıları yazıçı ilə canlı ünsiyyət qurmaq, öz fikirlərini bölüşmək və yeni nağıllarla tanış olmaq imkanı əldə ediblər. Tədbirin sonunda sual-cavabda fəal iştirak edən uşaqlara “Sehrli dünya” jurnalının diplomu hədiyyə edilib. Daha sonra şagirdlər kitabxana ilə yaxından tanış olub, fonda daxil olan yeni uşaq nəşrlərinə baxış keçiriblər.
Görüşün əsas məqsədi uşaqların mütaliəyə marağını artırmaq, onları kitabxana mühitinə daha yaxından cəlb etmək və yazıçı ilə oxucular arasında canlı ünsiyyət üçün şərait yaratmaqdır.




























