Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O bildirib ki, məzun iş axtarmamalıdır, iş yeri açmalıdır.
Bu, mövcud reallıqlarla uzlaşırmı?
Avopa.info xəbər verir ki, Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, Firudin Qurbanov dərin zəkalı bir məmurdur:
“O, bu fikri “Sabahın alimləri” müsabiqəsinin final mərhələsində səsləndirib. Həmin təbəqədən olan məzunlardan əsas gözlənti inovasiyalardır. Ona görə də bu fikir müəyyən mənada həm real, həm də qeyri-real tərəflərə malikdir. Universitet məzunlarının əmək bazarındakı rolu ilə bağlı aparılan beynəlxalq araşdırmalar göstərir ki, ali təhsil yalnız iş axtaran deyil, həm də gələcəkdə iş yaradan məzunların formalaşmasına töhfə verməlidir. Lakin mövcud statistikaya görə, hazırda məzunların böyük əksəriyyəti yeni iş yerləri yaratmaqdan daha çox mövcud iş yerlərinə daxil olur.
Müxtəlif beynəlxalq tədqiqatların nəticələrinə görə, universitet məzunlarının təxminən 90-95 faizi əmək bazarına muzdlu işçi kimi daxil olur, yəni mövcud iş yerlərində çalışır. Yalnız 5-6 faizi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ya öz biznesini quraraq yeni iş yerləri yaradır. Hətta statistik məlumatlar göstərir ki, universiteti bitirdikdən dərhal sonra biznes qurmağa başlayanların payı cəmi 1 faizə yaxın olur. Bu faktlar minlərlə məzun üzərində aparılmış beynəlxalq tədqiqatlarda da təsdiqlənir”.
Razi Nurullayev
Deputat bildirib ki, sahibkarlıq vacib istiqamət olsa da, bütün məzunlardan iş yeri açmağı gözləmək real deyil:
“İqtisadi sistem müxtəlif rollar üzərində qurulur. Kimisi biznes yaradır, kimisi isə yüksək ixtisaslı mütəxəssis kimi həmin iqtisadiyyatın inkişafına töhfə verir. Eyni zamanda sahibkarlığın əhəmiyyətini də kiçiltmək olmaz. Çünki bir uğurlu biznes bəzən onlarla, hətta yüzlərlə yeni iş yerinin yaranmasına səbəb olur. Məhz buna görə bir çox ölkələr universitetlərdə startap mədəniyyətinin inkişafına, innovasiya mərkəzlərinin yaradılmasına və gənclərin sahibkarlığa yönləndirilməsinə xüsusi diqqət yetirirlər. Azərbaycanda isə məzunların iş tapmaqda çətinlik çəkməsinin səbəbləri təkcə gənclərin təşəbbüssüzlüyü ilə bağlı deyil. Burada əmək bazarı ilə ali təhsil proqramları arasında uyğunsuzluq, praktik bacarıqların yetərincə formalaşmaması, startap və kiçik biznes üçün maliyyə imkanlarının məhdudluğu, eləcə də gənclərin ilkin kapitala çıxışının çətinliyi kimi faktorlar mühüm rol oynayır”.
Razi Nurullayev qeyd edib ki, ali təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri də tələbələrdə sahibkarlıq düşüncəsini və innovativ təşəbbüsləri gücləndirməkdir:
“Universitetlər yalnız əmək bazarına kadr hazırlayan deyil, eyni zamanda gələcəkdə yeni iş yerləri yarada biləcək təşəbbüskar və yaradıcı məzunlar yetişdirən mərkəzlərə çevrilməlidir. Bu baxımdan nazir müavinin səsləndirdiyi fikir strateji yöndən maraqlı çağırışdır. Lakin onu mövcud iqtisadi və sosial reallıqlarla uzlaşdırmaq, məzunların qarşısında həm iş tapmaq, həm də biznes qurmaq üçün daha geniş imkanlar yaratmaq vacibdir. Bizim hazırkı təhsil sistemində olan mövcud reallıq isə bu çağırışa uyğun deyil”.






























