19 noyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetində Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli Ədəbiyyatın Təbliği Şöbəsi tərəfindən hazırlanmış “44 günlük müharibə” elektron məlumat bazasının təqdimatı keçirilib.
Avropa.info xəbər verir ki, tədbirdə BDU-nun professor-müəllim heyəti, tələbələr, kitabxana əməkdaşları və müxtəlif qurumların nümayəndələri iştirak edib. Təqdimat zamanı məlumat bazasının yaradılma məqsədi, struktur xüsusiyyətləri və istifadə imkanları barədə geniş məlumat verilib.
Yeni formalaşdırılan elektron məlumat bazası 10 bölmədən ibarətdir. Ana səhifədə Azərbaycanın rəmzlərindən olan Xarıbülbül təsviri yerləşdirilib ki, bu da Vətən müharibəsinin simvolik məzmununu əks etdirməklə yanaşı, resursun vizual tərtibatını tamamlayır. Məlumat bazasında ümumilikdə 1979 elektron resurs istifadəyə təqdim olunub.
Bazanın mühüm hissələrindən biri “Rəsmi sənədlər” bölməsidir. Burada Azərbaycan Respublikasının Prezidentinin sərəncam və fərmanları daxil olmaqla 46 rəsmi sənəd toplanıb. Sənədlər sistemləşdirilmiş şəkildə təqdim edilərək istifadəçilərin normativ-hüquqi məlumatlara operativ çıxışını asanlaşdırır.
Elektron platformanın növbəti bölməsi” İşğaldan azad olunmuş torpaqlara” həsr olunub. Bu bölmədə 2020-ci il Vətən müharibəsi zamanı azad edilmiş şəhər, qəsəbə və kəndlər haqqında məlumatlar xronoloji ardıcıllıqla təqdim edilir. Hər bir yaşayış məntəqəsi üzrə azad olunma tarixi, döyüş əməliyyatları barədə qısa məlumat və ümumi təsvirlər yer alır.
Məlumat bazasında həmçinin “44 günlük Vətən müharibəsi şəhidləri və mülki itkilər” üçün ayrıca bölmə yaradılıb. Burada döyüşlərdə həlak olmuş hərbçilərimizin və erməni təcavüzü nəticəsində şəhid olmuş mülki şəxslərin siyahısı verilir. Hər bir şəhid haqqında əsas məlumatlar sistemləşdirilmiş şəkildə təqdim olunub.
“Kitablar” bölməsində Azərbaycan, rus və ingilis dillərində ümumilikdə 82 kitab,
“Məqalələr” bölməsində isə 2020–2025-ci illəri əhatə edən 1104 məqalə yerləşdirilib. Məqalələr tam mətnli şəkildə və xronoloji ardıcıllıqla təqdim olunur.
“Əbədi yaddaş” bölməsində Vətən müharibəsi ilə bağlı abidələr və xatirə məkanları barədə məlumatlar verilir.
“Orden və medallar” bölməsində isə müharibə iştirakçılarına təsis edilmiş 20 orden və medal haqqında məlumat əks olunub. Mükafatlar təsis edilmə tarixinə görə sıralanıb.
Fotoqalereya iki yarımbölmədən ibarətdir: “Azad Qarabağ” və “Zəfər Paradı”. “Zəfər Paradı” bölməsində:
2025-ci ilə aid 84,
2023-cü ilə aid 28,
2020-ci ilə aid 70 şəkil təqdim olunub.
Videogalereyada isə **32 çıxış**, **33 müsahibə**, **42 səfərə aid**, eləcə də **10 mədəni tədbir və Zəfər paradına dair video** yerləşdirilib.
Tədbirdə bildirilib ki, “44 günlük müharibə” elektron məlumat bazası Vətən müharibəsinin tarixi faktlarını sistemləşdirilmiş və əlçatan şəkildə təqdim etməklə, həm tədqiqatçılar, həm gənclər, həm də geniş ictimaiyyət üçün mühüm informasiya mənbəyi rolunu oynayacaq































