Suriyada devrilmiş lider Bəşər Əsəd dövrünə aid izlər bir-bir silinərkən dövlət başçısı Əhməd Əş-Şaranın göstərişi ilə diqqətçəkən bir addım atılıb.
Avropa.info xəbər verir ki, Əsəd və ailəsinə məxsus kolleksiyadan seçilmiş 4 ədəd lüks avtomobil açıq hərraca çıxarılıb. Satışdan əldə olunacaq gəlir ölkənin yenidən qurulması üçün yaradılmış Suriya İnkişaf Fonduna köçürüləcək.
Qərar paytaxt Dəməşqdə yerləşən Dəməşq Qalasında təşkil olunan Suriya İnkişaf Fondunun açılış mərasimində şəxsən Əş-Şara tərəfindən elan olunub. O, çıxışında sərt ifadələr işlədib. “Devrilmiş rejim iqtisadiyyatımızı çökdürdü, sərvətlərimizi talan etdi, xalqımızı didərgin saldı”, – deyə o bildirib.
“Mən bura Suriya üçün sədəqə istəməyə gəlməmişəm. Allah Dəməşqi və xalqını himayəsi altına alıb. Bu torpaqlar sədəqəyə möhtac olmayacaq qədər əzizdir” – sözləri ilə Suriyanın dövlət başçısı ölkənin öz imkanları ilə yenidən ayağa qalxmasının vacibliyini vurğulayıb. Yenidənqurma xərclərinin tam şəffaf və strateji layihələr çərçivəsində həyata keçiriləcəyi bildirilib.