Mayın 10-u Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günü ilə əlaqədar İmişli rayonunda silsilə tədbirlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və digər şəxslər İmişli şəhərinin Heydər Əliyev adına istirahət parkında ucaldılmış abidəsini ziyarət edərək önünə tər güllər düzüb, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Ötən gün isə “Tarixin Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə Ulu Öndərin şərəfli ömür yolu və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki müstəsna rolundan, onun uzaqgörən və zəngin siyasi irsindən, müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən ətraflı danışıblar. Tədbirin sonunda YAP sıralarına yeni üzv olmuş gənclərə partiya vəsiqələri təqdim edilib.
Günün 2-ci yarısı tədbir geniş və maraqlı konsert proqramı ilə davam edib. Konsertdə tanınmış incəsənət ustaları tərəfindən Ümummilli Lider Heydər Əliyevə və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvər ruhlu musiqi nömrələri ifa olunub, tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.








