F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya və Elmi-metodika şöbələri tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə hazırlanmış elektron resurslar virtual oxucuların istifadəsinə təqdim edilib.
Avropa.info bildirir ki, Resurslar sırasında “Bəşər tarixinin dəhşətli faciəsi – Xocalı soyqırımı” adlı metodik vəsait xüsusi yer tutur. Vəsaitdə Xocalı hadisələrinin tarixi mahiyyəti, başvermə səbəbləri və nəticələri sistemli şəkildə təqdim olunur, mövzu üzrə elmi və bədii ədəbiyyat siyahısı oxuculara istiqamətləndirici mənbə kimi təklif edilir.
Metodik vəsait geniş oxucu auditoriyası, xüsusilə müəllimlər, şagirdlər, tələbələr və tədqiqatçılar üçün nəzərdə tutulub.
Bununla yanaşı, elektron resurslarda görkəmli şəxsiyyətlərin Xocalı faciəsi ilə bağlı fikirləri də toplanaraq təqdim edilib. Verilən sitatlar və çıxarışlar hadisələrin beynəlxalq hüquq normaları və ümumbəşəri humanist dəyərlər baxımından qiymətləndirilməsinə imkan yaradır.
Məlumat-biblioqrafiya şöbəsi tərəfindən hazırlanmış “Xocalı – qaranlığa qərq olan şəhər” adlı veblioqrafiyada mövzuya dair 23 adda tammətnli kitab, 132 adda dövri mətbuat materialı və müxtəlif mənbələrdən seçilmiş analitik yazılar sistemləşdirilib. Elektron mənbə istifadəçilər üçün rahat axtarış və istinad imkanı yaradan struktura malikdir.
Layihənin əsas məqsədi Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması, gənc nəslin milli yaddaşının möhkəmləndirilməsi, eləcə də elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan mütəxəssislər üçün etibarlı və dolğun informasiya bazasının formalaşdırılmasıdır.
Təqdim edilən elektron resurslardan kitabxananın rəsmi informasiya platformaları vasitəsilə tanış olmaq mümkündür.
https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/xocali-qaranliga-q-rq-olan-s-h-r
https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2026/b-s-r-tarixinin-d-hs-tli-faci-si-xocali-soyqirimi






























