2 mart 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 281 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdlərinin iştirakı ilə “Ucadan Oxu Günü”nə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Avropa.info xəbər verir ki, 2 mart – Ümumdünya Ucadan Oxu Günü – Söz, Kitab, Mütaliə bayramıdır. Bu gün LitWorld şirkətinin təşəbbüsü ilə hər il mart ayının birinci həftəsində qeyd olunur.
Tədbir çərçivəsində kitabxanada yeni çap olunmuş nəşrlərdən ibarət sərgi təşkil edilib. Məktəblilər sərgidə nümayiş olunan kitablarla yaxından tanış olub, seçdikləri əsərlərdən parçaları ucadan oxuyublar. Oxu prosesi zamanı uşaqlar əsərlərin məzmunu barədə fikirlərini bölüşüb, qəhrəmanların davranışlarını müzakirə edib, hadisələrə öz münasibətlərini bildiriblər. Bu interaktiv yanaşma tədbirə xüsusi canlılıq qatıb və şagirdlərin fəal iştirakını təmin edib.
Kitabxana əməkdaşları kitab oxumağın əhəmiyyətindən bəhs edərək bildiriblər ki, mütaliə uşaqların nitq qabiliyyətinin inkişafında, söz ehtiyatının zənginləşməsində, düşünmə bacarıqlarının formalaşmasında və dünyagörüşünün genişlənməsində mühüm rol oynayır. Keçirilən görüş balaca oxucuların kitabla daha sıx dostluq etməsinə, oxumağa həvəslərinin artmasına və mütaliə mədəniyyətinin erkən yaşlardan formalaşmasına mühüm töhfə verib.
Tədbirin əsas məqsədi uşaqlarda kitab və mütaliəyə marağı artırmaq, onların oxu vərdişlərini möhkəmləndirmək, ucadan oxu mədəniyyətini formalaşdırmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.































