18–26 fevral 2026-cı il tarixlərində Respublika Uşaq Kitabxanasında 34 saylı məktəbin və Kaspi Liseyinin 1-ci sinif şagirdlərinin iştirakı ilə silsilə ekskursiyalar təşkil olunub.
Avropa.info xəbər verir ki, Ekskursiyaların əsas məqsədi şagirdləri erkən yaşlardan kitabxana mühiti ilə tanış etmək, onlarda mütaliə vərdişlərinin formalaşmasına dəstək vermək və kitaba sevgi hissini gücləndirmək olub.
Ekskursiya zamanı kitabxana əməkdaşları şagirdləri oxu zalları və nağıl otağı ilə yaxından tanış edib, kitabxana haqqında ətraflı məlumat veriblər. Uşaqlar müxtəlif mövzulu nağıl kitabları ilə tanış olub, sevdikləri nağıl qəhrəmanları haqqında fikirlərini bölüşüblər. Onlara təqdim olunan rəngarəng, şəkilli və 3D formatlı kitablar birincilərin xüsusi marağına səbəb olub və oxumağa həvəslərini artırıb.
Ekskursiya çərçivəsində 34 saylı məktəbin şagirdləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, eləcə də Vətən uğrunda şəhid olmuş Saleh Nuruyev və Tərlan Rzayev haqqında qısa məlumatlarla çıxış ediblər. Təqdimatların məqsədi uşaqlarda vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət və qəhrəmanlıq anlayışının formalaşdırılması olub.
Şagirdlər, eyni zamanda, kitabxana tərəfindən təsis edilmiş “Göy Qurşağı” jurnalı ilə tanış olublar. Jurnalın uşaqlar üçün nəzərdə tutulmuş maarifləndirici və əyləncəli rubrikaları barədə məlumat verilib, jurnalın bir neçə nömrəsi məktəbin kitabxanasına hədiyyə edilib.
Silsilə ekskursiyalar şagirdlərin kitabxana və informasiya resursları haqqında biliklərini artırmaqla yanaşı, onların mütaliəyə marağının güclənməsinə, asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafına müsbət təsir göstərib.































