“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi “Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin elan etdiyi qrant layihəsi çərçivəsində həyata keçirilir.
Bu barədə Avropa.info-ya “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, dosent Kamran İsmayılov məlumat verib.
K.İsmayılov bildirib ki, layihənin məqsədi Qərbi Azərbaycanda Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və zorakı deportasiya faktlarının arxiv sənədləri əsasında toplanaraq ictimaiyyətə çatdırılması və bu sahədə tarixi yaddaşın qorunmasına xidmət edən Azərbaycan dilində elmi-sənədli vəsaitin (sənədlər toplusu) nəşridir. Toplanacaq və çap olunacaq arxiv sənədləri həm yerli, həm də beynəlxalq elmi ictimaiyyət, tarixçilər, tədqiqatçılar, müəllimlər və tələbələr üçün mühüm mənbə rolunu oynayacaq.
“Eyni zamanda, Qərbi Azərbaycanda və Zəngəzur bölgəsində azərbaycanlılara qarşı soyqırımının baş verdiyini təsdiq edən sənədlərin və materialların kitab şəklində dünya ictimaiyyətinə, tarixçilərin və politoloqların diqqətinə çatdırmaqdan ibarətdir”-deyə layihə rəhbəri bildirib.






























