Yanvarın 30-31-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Şöhrət” və “Şərəf” ordenlı Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə nümayiş olunan “Zal qızı Zalxa” musiqili komediyasının premyerası anşlaqla keçib.
Avropa.info xəbər verir ki, Afaq Bəşirqızının səhnəyə hər qayıdışını səbirsizliklə gözləyən pərəstişkarları bu dəfə də yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında hazırlanan tamaşanı böyük coşqu və rəğbətlə qarşılayıblar.
Polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulan səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, xormeysteri Məlahət Qasımova, konsertmeysteri Fidan Məmmədova, rejissor assistenti isə Razimə İsmayılovadır.
Tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı Əməkdar artist Əzizağa Əzizov (Babək), Prezident mükafatçısı Ülviyyə Əliyeva (Nigar), aktyorlar Hüseyn Əlili (Polis Aslan), Gülcahan Salamova (Həcər), Türkel Tariqpeyma (Nüşabə), Ofeliya Məmmədova (Tomris), Gültac Əlili (Ərəbi), Gülnarə Əzizova (Qüdrət), Nərmin Əliyeva və Nigar Rüstəmova (Şöhrət), Cəbrayıl Cəbrayılov (Arabadakı adam), eləcə də teatrın xor və balet artistləri iştirak ediblər.
Komediyada Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevin (Səməd – Həcərin əri) də özünəməxsus epizodik rolu, komik ifa tərzi tamaşaçılara gülüş dolu anlar bəxş edib.
Qeyd edək ki, “Zal qızı Zalxa”nın növbəti nümayişi fevralın 13-də olacaq.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək mümkündür.

















































