Bütöv Azərbaycan Ocaqları İrandakı etiraz və üsyanlarla bağlı müraciət yayıb.
Avropa.info həmin müraciəti təqdim edir:
“Son günlər İranın bir çox bölgə və şəhərlərində iqtisadi çətinlik və riyalın ucuzlaşmasıyla bağlı baş verən tətil və etirazlar getdikcə daha geniş vüsət almaqda və kütləvi xalq üsyanlarına çevrilməkdədir. Tehran və başqa şəhərlərdəki bazar və dükanların sahibləri tərəfindən bağlanmasıyla başlayan narazılıq və etiraz dalğası getdikcə böyümüş, tətilçilərin polis və başqa asayiş qüvvələri ilə toqquşmasına gətirib çıxarmışdır. Bəzi məlumatlara görə, 40-a yaxın dinc sakin öldürülmüş, yüzlərlə insan yaralanmış və tutuqlanmışdır.
Bu hadisələr fonunda ABŞ prezidenti D.Tramp bəyanat vermiş və dinc etirazçılara odlu silahlardan atəş açılarsa, onların köməyinə gələcəklərini bildirmişdir. Eyni zamanda, keçmiş şahın oğlu Rza Pəhləvi şəxsiyyətinin bəzi media orqanlarında gündəmə gətirilməsi də diqqəti çəkir. Hətta bu günlərdə o, Mizirdə görünmüş, guya böyük izdiham qarşısında çıxış etmiş və xalqı molla rejiminə qarşı küçə üsyanlarına çağırmışdır.
Öncə bu dəfəki tətil aksiyalarına qoşulmayan Azərbaycan şəhərlərində də son günlər ayaqlanma və etiraz dalğası baş qaldırır. Bununla da ayrı-ayrı bölgələrdəki yerli narazılıq və tətillərin coğrafiyası getdikcə genişlənməkdə, müxtəlif xalqların yaşadığı müxtəlif bölgələri əhatə edən ümumxalq üsyanına çevrilməkdədir. Təsadüf deyil ki, bu gün Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının xalq etirazlarını dəstəkləmək və küçə etirazlarına çağırışla bağlı bəyanatı yayılmışdır.
Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, həmin çağırışı dəstəkləyir, güneyli soydaşlarımızı getdikcə böyüyən və bütün İranı əhatə edən bu etiraz və üsyan dalğasından kənarda qalmamağa, aksiyalarda fəal iştirak etməyə, öz sosial-iqtisadi və milli-mədəni hüquqlarını müdafiə etməyə səsləyirik. Eyni zamanda, biz Azərbaycan və Türkiyə Cümhuriyyətləri, eləcə də Türk Dövlətləri Təşkilatını (TDT) İrandakı hadisələrə laqeyd yanaşmamağa, orada yaşayan bütün türklərin, özəlliklə də, Azərbaycan türklərinin haqq səsinə səs verməyə çağırırıq.
Bütöv Azərbaycan Ocaqları.
Bakı, 08 yanvar 2026-cı il”






























