2025-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında türk dövlətlərinin hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüslə UNESCO tərəfindən 15 dekabr tarixi Dünya Türk Dili Ailəsi Günü elan edilib.
Avropa.info xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Dünya Türk Dili Ailəsi Günü” adlı virtual sərgi hazırlanaraq istifadəçilərə təqdim edilib. Virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin gücləndirilməsi istiqamətində söylədiyi dəyərli fikirlər, Birinci Türkoloji Qurultayın 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında qəbul edilən sərəncamların tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda “Azərbaycanşünaslıqdan türkşünaslığa”, “Avropada türkologiya”, “Türk ədəbi dillərinin birliyinə doğru”, “Turan sivilizasiyasına giriş”, “Türk düşüncəsi və türkçülük tarixi haqqında” 20-dən çox kitabın tam mətni təqdim edilir. Virtual sərgidə kitablar ilə yanaşı “Birinci Türkoloji Qurultay – türk ruhunun qələbəsi”, “Türkologiya Turan birliyinin təməl daşıdır”, “Azərbaycan türkologiyası: təməllər, təmayüllər”, “Türk dünyasında ortaq düşüncə və kimlik axtarışları” kimi dövrü mətbuat nümunələrinin tam mətni də sərgilənir.
Dünya Türk Dili Ailəsi Günü” adlı virtual sərgi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/dunya-turk-dili-ailesi-gunu yerləşdirilib.





























