Bu gün Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin 70 illik yubileyi tamam olur.
Avropa.info xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
Elektron məlumat bazasında Zemfira xanımın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, “Həyatın qadınca izahının səsi Zemfira Məhərrəmlinin əsərləri haqqında”, “”Çox kiçik dünya”nın incə qəlbli söz adamı”, “Döyüşə qızlar gedir… Zemfira Məhərrəmlinin “Ümid işiği” pyesi əsasinda hazırlanmış tamaşa haqqında”, “Yaz təravətli, bahar ətirli – Zemfira Məhərrəmli” kimi məqalələrin tam mətni təqdim edilir.
Elektron bazada Zemfira Məhərrəmlinin yaradıcılıq nümunələrinin, tərtib və redaktə etdiyi kitabların, elmi məqalələrinin, müsahibələrinin, eləcə də onun haqqında qələmə alınan dövri mətbuat nümunələrinin siyahıları yer alır.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Virtual sərgi”, “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri də istifadəçilərin ixtiyarına verilir.
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmlinin 70 illik yubileyi münasibətilə hazırlanan elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Zemfira_Meherremli_el_melumat_bazasi/index.html yerləşdirilib.






























