Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Qış Nağılı” adlı rəsmi və bədii hissədən ibarət sərgi YAP Yasamal Rayon Təşkilatı, Beynəlxalq Qalereya və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutdu. Layihə rəhbəri Aygün Əzizovanın təşəbbüsü ilə keçirilən bu tədbir həm milli həmrəyliyin, həm də incəsənətin gücünü bir araya gətirdi.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbriklərini çatdırdı. O, çıxışında birliyə çağırışın, uşaqların və yeniyetmələrin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğuladı: “Vətənpərvərlik və Azərbaycançılıq ideologiyasının kiçik yaşlardan aşılanması sağlam cəmiyyətin təməlidir.”
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov da çıxış edərək sərginin yüksək səviyyədə təşkil olunduğunu və təqdim olunan əsərlərin qış mövsümünün ruhunu incəliklə əks etdirdiyini qeyd etdi.
Sərgidə 120 rəssamın əsərləri nümayiş olundu. İştirakçılar arasında Şatu Sənət Evinin rəhbəri Turan İlham, Şəhanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, Menar Kids School-un Xətai filialı və Panda School-un müəllimi Elmira Həsənova, Azad və Bumerang Tədris Mərkəzlərinin müəllimi Fidan Abidova, İnci Akademinin rəhbəri İnci Məstəliyeva, RF ART Studionun rəhbəri Fidan Rüstəmzadə, rəssamlar Səadət Nərmin Hacıyeva və Aygün Qürbətova tələbələri ilə birlikdə iştirak edirdilər.
Tədbirin bədii hissəsi də xüsusi maraqla qarşılandı. Şuşa Dövlət Musiqili Dram Teatrının quruluşçu baletmistrı, Bakı İstanbul Liseyinin müəllimi və Xarıbülbül rəqs qrupunun rəhbəri Amil Əhmədovun tələbələrinin ifasında “Arşın Mal Alan”, “Heyvagülü” və “Yallı” rəqsləri tədbirə rəngarənglik qatdı.
Sonda sərgi iştirakçılarına diplomlar və xatirə hədiyyələri təqdim olundu. Bu tədbir bir daha sübut etdi ki, sənət və həmrəylik bir araya gəldikdə, ortaya həm ruhu oxşayan, həm də gələcək nəsillərə örnək olacaq layihələr çıxır.
Aygün Oqtay,
Fotolar Ayazındır







































