Bu gün alim, ictimai xadimi, filologiya elmləri doktoru, professor, Xalq yazıçısı və Əməkdar elm xadimi, akademik Kamal Abdullanın 75 illik yubileyi tamam olur.
Avropa.info xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası və biblioqrafik icmal hazırlanaraq istifadəçilərə təqdim edilib.
Elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Xalq_yazicisi_Kamal_Abdulla_el_melumat_bazasi/index.html yerləşdirilib.
Məlumat bazasında Kamal Abdullanın həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, Rumıniyanın Yassi Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzinin sədri Lyudmila Bejenarunun “Çoxşaxəli şəxsiyyətin örnək taleyi – Kamal Abdulla – 75”, Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hüquqşünas, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın “Ədəbiyyatımızın Kamal Abdulla tarixi” və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Dilçilik və ədəbiyyat arasında körpü: Kamal Abdullanın elmi-ədəbi irsi” kimi məqalələrin tam mətni təqdim edilir.
Elektron bazada yazıçının müəllifi, layihə rəhbəri, tərtibçisi olduğu, redaktə və tərtib etdiyi kitablar ilə yanaşı, onun haqqında qələmə alınan nəşrlərin, dövri mətbuat nümunələrinin siyahıları da yer alır. Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda müəllifin “Azərbaycançılıq və “Kitabi-Dədə Qorqud” dastanı”, “Mənim Füzulim”, “Sirlərin sərgüzəşti”, “Edam vaxtını dəyişmək olmaz”, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud” kimi 40-dan çox kitabının biblioqrafik təsviri və qısa annotasiyası yer alır.
Həmçinin, “Ədəbiyyatımızın Kamal Abdulla tarixi” adlı biblioqrafik icmal kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.






























