Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan “Tramp marşrutu” (Zəngəzur dəhlizi) nəqliyyat layihəsində Türkiyə şirkətinin iştirak ehtimalına münasibət bildirib.
Avropa.info xəbər verir ki, erməni mətbuatının məlumatına görə, Səfəryan xarici (beynəlxalq və ya özəl) şirkətin layihədə iştirakı ideyasının tam istisna edilmədiyini deyib.
Onun sözlərinə görə, hazırda məsələ yalnız müzakirə mərhələsindədir və konkret razılaşma yoxdur.
Rəsmi İrəvanın açıqlamalarına əsasən, Türkiyə də daxil olmaqla hər hansı xarici şirkətin layihəyə cəlb olunması yalnız “bərabərhüquqlu tərəfdaşlıq” prinsipləri çərçivəsində mümkündür.
Xatırladaq ki, bu ilin avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Ermənistan “Tramp marşrutu”nu (TRIPP) ABŞ-a 99 ilə qədər icarəyə verməyə razılaşıb. Bu marşrut vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi yaranacaq. Amerika tərəfi Zəngəzur dəhlizi qurulacaq torpağı infrastruktur və idarəetmədən məsul olan konsorsiuma icarəyə verməyi planlaşdırır.






























