28 oktyabr 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin iştirakı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın anadan olmasının 90 illiyi münasibəti ilə “Söz dünyasının zirvəsində” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir zamanı şagirdlər Fikrət Qocanın “İş belə düşdü”, “Yaxşı ki” və “Keçib gedəcək” kimi sevilən şeirlərini səsləndiriblər. Uşaqların ifasında səslənən bu şeirlərdə həyatla insanın vəhdəti, insanlıq və mənəviyyat mövzuları öz əksini tapıb. Şeirlərin səsləndirilməsindən sonra şagirdlər arasında müzakirələr aparılıb, Fikrət Qocanın poeziyasında insan düşüncəsi, zaman və həyat fəlsəfəsi kimi mövzular geniş şəkildə təhlil olunub.
Sonda iştirakçılar şairin 80 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsindən hazırlanmış videoçarxı izləyiblər. Videoçarxda görkəmli şəxsiyyətlərin onun haqqında fikirlər səsləndirib və tanınmış sənətçilər tərəfindən şairin şeirlərindən bəstələnmiş mahnılar ifa olunub.
Tədbirin əsas məqsədi xalq şairi Fikrət Qocanın yaradıcılığını uşaqlara tanıtmaq, onlarda ədəbiyyata, poeziyaya maraq oyatmaq, həmçinin insanlıq, həyat və mənəviyyat kimi dəyərləri şeirlər vasitəsilə ötürməkdir.






























