27 sentyabr 2025-ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə təşkilatçılığı ilə “Söz və Səslə Yaşayan Əbədiyyət” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140, həmçinin xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileylərinə həsr olunub.
Avropa.info xəbər verir ki, tədbiri açan aparıcı çıxışında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən, həmçinin Bəxtiyar Vahabzadənin milli poeziyamızın zənginləşməsində və gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində oynadığı əvəzsiz rolunu qeyd edib. Qeyd olunub ki, Üzeyir Hacıbəyli milli operanın və musiqili teatrın banisi kimi Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş, yaradıcılığı ilə milli kimliyimizin ayrılmaz parçasına çevrilmişdir. Bəxtiyar Vahabzadə isə poeziyasında vətən, dil, azadlıq və milli dəyərlər mövzularını yüksək bədii ifadə gücü ilə təqdim edən böyük sənətkar kimi yadda qalmışdır.
Tədbir zamanı şairin öz səsi ilə səsləndirdiyi “Ana dili” şeiri nümayiş olunmuş videoçarxla təqdim edilib və iştirakçılar tərəfindən böyük duyğusal təsir və maraqla qarşılanıb. Ardınca “Vətən” şeiri səsləndirilib, gənc istedadlar milli qürur və vətənpərvərlik duyğularını dərin şəkildə yaşayıblar.
Proqram çərçivəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri tərəfindən təqdim olunan musiqi nömrələri tədbirə bədii rəng qatıb, klassik musiqi ilə poeziyanın vəhdətini nümayiş etdirib.
Tədbir iştirakçıları üçün təşkil olunmuş kitab sərgisi isə xüsusi maraq doğurub. Sərgidə Üzeyir Hacıbəylinin “Ər və Arvad”, “Üzeyir Hacıbəyli Ensiklopediyası”, “Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı”na dair nəşrləri, eləcə də Bəxtiyar Vahabzadənin “Şəbi-Hicran”, “Bəxtiyaram Mən”, “Bir Salama Dəymədi”, “Ədəbi Düşüncələr”, “Bir Ömür Yuxu”, “Örtmə Pəncərəni” kimi qiymətli əsərlərinin sərgisitəşkil edilib.
Ədəbi-bədii proqram Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş “Azərbaycan oğluyam” mahnısının səsləndirilməsi ilə yekunlaşıb. Bu ifa tədbirə xüsusi emosional ovqat bəxş edib.
Tədbirin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin və xalq şairi Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsini gənc nəslə tanıtmaq, onların Azərbaycan musiqisi və ədəbiyyatının inkişafındakı mühüm xidmətlərini vurğulamaq, həmçinin uşaqlarda kitaba, oxumağa və mədəni irsimizə sevgi hissini artırmaq olub.































