27 oktyabr 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında 88 nömrəli tam orta məktəbin şagirdləri üçün maarifləndirici ekskursiya təşkil olunub. Avropa.info xəbər verir ki, ekskursiyanı təşkil etməkdə əsas məqsəd məktəblilərdə kitabxanaya maraq oyatmaq, mütaliə vərdişlərini formalaşdırmaq və uşaqları kitabxana ilə yaxından tanış etməkdir.
Görüş zamanı şagirdlər kitabxananın kitab fondu və elektron resurslarla tanış olublar.
Ekskursiya zamanı kitabxana əməkdaşlarının təqdim etdiyi “Kitab oxumağın əhəmiyyəti” mövzusunda animasiya filmi təqdim edilib. Həmçinin, uşaqlara kitabın dostluğu, mütaliənin bilik və dünyagörüşü artırmadakı rolu haqqında düşündürücü mesajlar çatdırılıb.
Sonda şagirdlərə kitabların qorunması və onlardan düzgün istifadə qaydaları barədə faydalı tövsiyələr verilib. Uşaqlar kitabxanadan xoş təəssüratlarla ayrılıb, yeni bilik və mütaliə həvəsi ilə dolu bir gün keçiriblər.
Bu cür tədbirlər gənc nəslin kitab və bilik dünyasına marağının artırılmasına, oxu mədəniyyətinin formalaşmasına və informasiya savadlılığının inkişafına mühüm töhfə verir.































