Bu gün Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənovun anadan olmasının 85 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Həsən Həsənovun mənalı həyat yolundan və ictimai-siyasi fəaliyyətindən bəhs edən məlumat bülleteni və videomaterial hazırlanıb.
Materiallar Azərbaycanın görkəmli dövlət xadimi, diplomat və alim Həsən Həsənovun həyat və fəaliyyəti haqqında dolğun, sistemləşdirilmiş məlumatları geniş oxucu kütləsinə təqdim etmək məqsədilə hazırlanıb.
Kitabxananın rəsmi saytında yerləşdirilən vəsaitin https://www.ryl.az/funds/melumat-b%C3%BClleteni “Rəsmi sənədlər” bölməsində “H.Ə.Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” və “H.Ə.Həsənovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının və bir sıra digər rəsmi sənədlərin tam mətni təqdim edilir. Vəsaitdə Həsən Həsənovun həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, Xalq şairi Sabir Rüstəmxanlının “Həsən Əziz oğlu Həsənov: “Ədəbi portretlər” silsiləsindən” və professor Əsgər Rəsulun “Mahir diplomat” adlı məqalələrinin tam mətni yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda ictimai-siyasi xadim Həsən Həsənovun müəllifi, elmi redaktoru, tərtibçisi, məsləhətçisi olduğu, ön söz yazdığı kitabları, müsahibələri, çıxışları, dissertasiyaları və onu haqqında qələmə alınan kitabların biblioqrafik təsviri və qısa annotasıyası və dövri mətbuat nümunələrinin siyahısı təqdim edilir.
Videomaterialda Həsən Həsənovun elmi, siyasi və ictimai fəaliyyətinin əsas mərhələləri, dövlət idarəçiliyindəki rolu və Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına verdiyi töhfələr əhatəli şəkildə diqqətə çatdırılır. Materialda Həsən Həsənovun ictimai fəaliyyəti ilə yanaşı elmi və bədii yaradıcılıq nümunələrindən də bəhs edilir, onun Azərbaycan Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş dahi mütəfəkkir M.F.Axundovun həyat və fəaliyyətinə həsr edilmiş “Brüsseldən məktublar” pyesinin müəllifi olmasından bəhs edilir. Materialda görkəmli alim Həsən Həsənovun layiq görüldüyü təltiflər, orden və medallar haqqında məlumat da verilir.
Videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/hesen-hesenov-85 yerləşdirilib.
Avropa.info