ABŞ Prezidenti Donald Tramp Karib dənizində keçirilən əməliyyat zamanı Venesueladan yola çıxan və narkotik daşıyan daha bir gəminin ABŞ ordusu tərəfindən vurulduğunu açıqlayıb.
Avropa.info-nun xarici KİV-ə istinadən məlumatına görə, Tramp bildirib ki, əmrin şəxsən özü tərəfindən verildiyi bu hücum, narkotik kartellərinə qarşı həyata keçirilən ikinci əməliyyatdır.
Trampın sözlərinə görə, sözügedən gəmi Venesueladan çıxaraq narkotik qaçaqmalçıları tərəfindən istifadə olunurdu və əməliyyat beynəlxalq sularda aparılıb. Hücum nəticəsində 3 kartel üzvü məhv edilib.
“Bu son dərəcə təhlükəli narkotik qaçaqmalçılığı kartelləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və həyati maraqları üçün bir təhdiddir”, – deyə Tramp bəyan edib.
Tramp əlavə edib ki, əməliyyat zamanı heç bir ABŞ hərbçisi zərər görməyib. O, xəbərdarlıq edərək bildirib:
“Əgər ABŞ vətəndaşlarını öldürəcək narkotikləri daşıyırsınızsa, sizi ovlayacağıq. Bu kartellərin qeyri-qanuni fəaliyyəti onilliklərdir ki, ABŞ cəmiyyətlərinə dağıdıcı təsir göstərmiş və milyonlarla amerikalının ölümünə səbəb olmuşdur. Artıq bu, belə davam etməyəcək”.
Xatırladaq ki, Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikasından gələn narkotik kartellərinə qarşı yerində və sərt mübarizə üçün ABŞ ordusunun daha geniş və effektiv şəkildə istifadəsi barədə göstəriş vermişdi. Bu çərçivədə ABŞ, avqust ayının sonlarında Venesuela sahillərinə “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” adlı hərbi gəmilərini göndərmişdi.
Venesuela Prezidenti Nikolas Maduro isə cavab olaraq ölkədə 4,5 milyonluq milis qüvvəsini səfərbər etdiklərini və “hər hansı hücumu dəf etməyə hazır olduqlarını” bildirmişdi. ABŞ Müdafiə naziri Pit Heqset isə ABŞ ordusunun Venesuelada rejim dəyişikliyi əməliyyatına hazır olduğunu bəyan etmişdi.