İsrailin ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən Qəzzədə atəşkəs təklifini müzakirə edən HƏMAS liderlərini hədəf alan sui-qəsd hücumundan sonra İsrailli bir akademik tərəfindən Türkiyəyə yönəlik sərt və təhdid dolu açıqlama gəlib.
Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail Qətərin paytaxtı Dohada ABŞ Prezidenti Donald Trampın təklif etdiyi Qəzzada atəşkəslə bağlı təklifləri müzakirə edən HƏMAS liderlərini hədəf alan bir sui-qəsd hücumu həyata keçirib.
Qətərin paytaxtı Dohada ard-arda partlayışlar baş verib. Hadisə şahidləri 10-a qədər partlayış səsi eşitdiklərini və qalın tüstü müşahidə etdiklərini bildiriblər. HƏMAS-a yaxın mənbələr təşkilatın danışıqlar mərkəzinin hədəf alındığını bildirərkən, İsrail mediası partlayışların HƏMAS liderlərinə qarşı sui-qəsd cəhdi olduğunu yazıb.
İsrail Ordu Radiosu verdiyi açıqlamada hücumu öz üzərinə götürüb. “İsrail, Qətərdəki HƏMAS rəhbərlərinə qarşı hücum həyata keçirdi. Hücum HƏMAS rəhbərliyinin yüksək səviyyəsinə yönəlmişdi”, – açıqlamada qeyd olunub.
Qətər mərkəzli “Əl-Cəzirə” televiziyası bir HƏMAS mənbəsinə istinadən verdiyi xəbərdə, hücum zamanı atəşkəs danışıqları aparan HƏMAS heyətinin hədəf alındığını bildirib. İsrail mediası isə hücumda HƏMAS-ın siyasi lideri Xalid Məşəl və Siyasi Büro rəhbəri Xəlil əl-Heyyanın hədəf seçildiyini iddia edib. Hücumda 10 döyüş təyyarəsinin iştirak etdiyi, 1800 metrlik məsafədən raketlər atıldığı qeyd olunub.
Adı açıqlanmayan mənbələr bildiriblər ki, atəşkəs danışıqları üçün Dohada olan HƏMAS heyəti hücumdan sağ çıxıb. Heyətdə, HƏMAS-ın Qəzza rəhbəri Xəlil əl-Heyya, İordan çayının qərb sahilindəki rəhbəri Zaher Cəbbarin, Şura Şurasının rəhbəri Məhəmməd Dərviş və xarici əlaqələr üzrə məsul şəxs Xalid Məşəlin yer aldığı ehtimal olunur. HƏMAS tərəfindən hücumla bağlı hələlik rəsmi açıqlama verilməyib. Qətər mediası isə hücum zamanı Xəlil əl-Heyyanın ofis rəhbəri və oğlunun həlak olduğunu bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Dohada HƏMAS nümayəndələrini hədəf alan hücumuna kəskin reaksiya verərək, “Bu hücum, İsrailin bölgədəki ekspansionist siyasətinin və terroru dövlət siyasəti kimi qəbul etdiyinin açıq sübutudur. Suverenliyinə və təhlükəsizliyinə yönəlmiş bu alçaq hücum qarşısında Qətərin yanındayıq,” – ifadələrini işlədib.
Hücumun ardından israilli sosial media istifadəçilərinin Türkiyəyə qarşı təhdid dolu paylaşımlar etməsi diqqət çəkib. Bu paylaşımlardan biri də İvrit Universitetinin müəllimi, eyni zamanda ehtiyat zabiti olan Dr. Meir Masri tərəfindən gəlib. O, “Doha’ya hücum edən, Ankaraya da hücum edə bilər.” ifadələri ilə Türkiyəyə qarşı sərt və təxribat xarakterli bir təhdid səsləndirib.





























