Venesuelanın Vitse-prezidenti Deltsi Rodriqes ABŞ-ı qanunsuz narkotik ticarətində əsas ölkə olmaqda ittiham edib və bu ticarətdən əldə olunan gəlirin təxminən 85%-nin ABŞ-da qaldığını bildirib.
Avropa.info xarici KİV-ə istinadən yaydığı məlumata görə, Venesuelanın dövlət televiziyası VTV-də keçirilən mətbuat konfransında çıxış edən Rodriqes ABŞ-ın ölkəsini narkotik qaçaqmalçılığı ilə suçlamasına sərt reaksiya verib. O, “ABŞ bu problemi öz daxilində həll etməlidir, buraya hərbi gəmi göndərməkdən qat-qat asandır” deyə vurğulayıb.

Venesuelanın Vitse-prezidenti Deltsi Rodriqes
Rodriqes həmçinin ABŞ-ın Karib hövzəsindəki hərbi mövcudluğunu tənqid edərək, bu hərəkətlərin ikili standart və siyasi məqsədlərlə yönəldiyini bildirib: “Bütün məqsəd hücum etmək və rejim dəyişikliyi həyata keçirməkdir. Bu addım həm təhlükəli, həm də ağılsızlıqdır. Kokainin əsas marşrutu Sakit Okeandır. Kolumbiyada istehsal olunan bütün kokainin 87%-i buradan çıxır. ABŞ əgər həqiqətən narkotiklə mübarizə aparmaq istəyirsə, gəmləri ora yerləşdirməlidir. Onlar GPS koordinatlarını səhv istifadə edir, marşrutlarını dəyişib Sakit okeana yönəlməlidirlər, yoxsa kokain ABŞ-a çatacaq”.
Rodriqes ABŞ-ın Venesuelanı narkotik ticarətində ittiham etməsini tamamilə yalan və aldatma kimi qiymətləndirib. “Onların məqsədi ölkənin neft, qaz və qızıl kimi təbii sərvətlərini ələ keçirməkdir”, – deyə o bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartellərinə qarşı hərbi əməliyyatların artırılması və daha effektiv istifadə olunması göstərişi vermişdi. Bu çərçivədə ABŞ avqust ayında Venesuela sahillərinə “USS Gravely”, “USS Jason Dunham” və “USS Sampson” adlı döyüş gəmilərini göndərib.
Venesuela Prezidenti Nikolas Maduro isə buna qarşı ölkədə 4,5 milyonluq milis qüvvəsini səfərbər etdiyini və hər hansı bir hücumu dəf etməyə hazır olduqlarını bəyan edib. ABŞ Müdafiə Naziri Pit Heqset isə ordu qüvvələrinin Venesuelada rejim dəyişiklik əməliyyatına hazır olduğunu vurğulayıb.






























