Gürcüstanda Tiflis meri Kaxa Kaladzeyə dəstək qərargahının qarşısında hakim partiyanın tərəfdarları ilə Qərbyönlü etirazçılar arasında dava baş verib.
Avropa.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, insidentin baş verdiyi əraziyə çox sayda polis əməkdaşı cəlb olunub və onlar qarşıdurmanın iştirakçılarını ayırmağa çalışırlar. Paytaxtın mərkəzində “Gürcü Arzusu” tərəfdarları ilə müxalifətçilər arasında qarşıdurma, hüquq-mühafizə orqanlarının mövcudluğuna baxmayaraq, davam edir.
Gürcüstan Daxili İşlər Nazirliyi aksiyanın iştirakçılarına müraciət edərək polis əməkdaşlarının tələblərinə tabe olmağa və vəziyyəti daha da gərginləşdirməməyə çağırıb.
“Əks halda hüquq-mühafizə orqanları qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirəcək və qanunun pozulması ilə bağlı hər bir fakta müvafiq hüquqi reaksiya veriləcək”, – deyə məlumatda bildirirlir.
DİN-in məlumatına görə, qarşıdurma başlayandan dərhal sonra vəziyyət qismən sabitləşsə də, bəzi vətəndaşlar hələ də ictimai asayişi pozmağa davam edirlər.