Kanadadakı Monreal Universitetinin Xəstəxana Araşdırma Mərkəzinin (CRCHUM) alimləri dünyada ilk dəfə olaraq böyrəklərdəki incə damarları qoruya bilən bir mikroRNA müəyyən ediblər.
Avropa.info xəbər verir ki, tədqiqatçılar miR-423-5p adlanan bu mikroRNA-nın böyrəklərin mikrodamar sağlamlığını qan nümunələri vasitəsilə qiymətləndirməkdə güclü bir biogöstərici olduğunu ortaya çıxarıblar.
Əvvəlcə siçanlarda, daha sonra isə 51 böyrək köçürülməsi keçirmiş xəstə üzərində aparılan araşdırmalarda bu molekulun damar sağlamlığını əks etdirdiyi müşahidə olunub.
Daha da əhəmiyyətlisi böyrək zədəsi olan siçanlara miR-423-5p yeridildikdə kiçik damarların qorunduğu və böyrək zədəsinin məhdudlaşdırıldığı müşahidə edilib.
Orqan köçürülməsi və ürək-damar cərrahiyyəsi kimi qan axınının müvəqqəti dayandırıldığı əməliyyatlarda, bu test sayəsində damar sağlamlığını erkən mərhələdə qiymətləndirmək mümkün olacaq.
Xüsusilə yaşlı, böyrək köçürülməsi keçirmiş və ya yüksək risk qrupunda olan xəstələrin daha effektiv şəkildə izlənməsinə imkan yaradacaq.
Tədqiqatçılar birbaşa inyeksiyadan başqa, bu mikroRNA-nı böyrəyə daşıya biləcək alternativ üsullar üzərində də işləyirlər.
Bu kəşf təkcə böyrək xəstələri üçün deyil, eyni zamanda ürək, ağciyər və neyrodegenerativ xəstəliklər üçün də faydalı ola bilər.
Çünki bu xəstəliklərin bir çoxunda kiçik damar itkisi xəstəliyin gedişində mühüm rol oynayır.