İsrail Qəzzanın tam işğalını nəzərdə tutan əməliyyatların ikinci mərhələsinə keçərkən Misiri mümkün kütləvi köç qorxusu bürüyüb.
Avropa.info xarici mediaya istinadən xəbər verir ki, Misir tanklar, xüsusi təyinatlılar və hava hücumundan müdafiə sistemlərindən ibarət birləşməni sərhəd xəttində yerləşdirib. Bundan əlavə, 40 min əsgər Sina yarımadasına göndərilib.
İsrail Qəzzədə bütün dünyanın gözü qarşısında soyqırıma davam etdiyi bir vaxtda bölgədə gərginlik daha da artıb. Qəzzanın tamamilə işğalını nəzərdə tutan “Gideon” əməliyyatlarının ikinci mərhələsinə keçilib. Bu qorxulu proseslə birlikdə Qəzzə sakinlərinin kütləvi köç ehtimalı daha da artıb.
Mümkün köçdən ilk növbədə ən çox təsirlənəcəyi gözlənilən Misirdə narahatlıq yaranıb. Misir fələstinlilərin kütləvi şəkildə köç edə biləcəyi ehtimalına qarşı hərəkətə keçib. Sina yarımadasına 40 min əsgər göndərilib. Bu qərar Misirin son illərdəki ən böyük hərbi toplanışlarından biri kimi qeydə alınıb. Bundan əlavə, M60 tankları, xüsusi qüvvələr və hava hücumundan müdafiə sistemlərindən ibarət birləşmə sərhəd xəttinə yerləşdirilib.
Sözügedən hərbi yerləşdirmə Misir prezidenti Əbdülfəttah əs-Sisinin göstərişi ilə həyata keçirilib və bölgədəki ən ciddi təhlükəsizlik addımlarından biri kimi qiymətləndirilib. Rəfah və Şeyx Zuveyid ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb. Misirin bu addımı həm İsrailə, həm də dünyaya “Sərhədlər pozula bilməz. Sina fələstinlilər üçün alternativ torpaq ola bilməz” mesajı kimi qiymətləndirilib.