“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə avqustun 22-23-də Qəbələ rayonunda “Duruca kəndində turizmin inkişafına dəstək” layihəsi çərçivəsində bir sıra maarifləndirici təlimlər təşkil edib.
Təlimlər əsasən ictimai iaşə müəssisələrində çalışan işçilərə və evlərini qonaq evi kimi təqdim etmək istəyən yerli sakinlərə yönəlmişdir. Tədbirin məqsədi kənd turizminin inkişafına töhfə vermək və iştirakçıları bu sahədə tələb olunan müasir bilik və bacarıqlarla təmin etmək olub.
Təlimlər zamanı iştirakçılara kənd turizminin mahiyyəti və əhəmiyyəti, turizm sektorunda müasir tələblər, qonaqpərvərlik, müştəri məmnuniyyətinin artırılması, etik davranış qaydaları, sağlamlıq və təhlükəsizlik məsələlərinə yanaşma kimi mövzular geniş şəkildə izah olunmuşdur. Eyni zamanda, turizm xidmətlərində keyfiyyətin artırılması və xidmət göstərənlərin peşəkar inkişafına dair vacib bacarıqlar müzakirə edilib.
Təlimçi Fərid Əhmədli iştirakçıların suallarını ətraflı cavablandıraraq mövzuların daha dərindən mənimsənilməsinə şərait yaradıb. Təlimlərin sonunda iştirakçılara təqdim olunan sertifikatlar onların bilik və bacarıqlarını artıraraq öz sahələrində daha səmərəli fəaliyyət göstərməsi baxımından əhəmiyyətlidir.
Təlimlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə Qəbələ Peşə Məktəbində baş tutmuşdur. Layihə yerli əhali tərəfindən böyük maraqla qarşılanmış və kənd turizminin inkişafı istiqamətində praktiki töhfə vermişdir. Bu təşəbbüs, eyni zamanda, yerli sakinlərin turizm sektorunda aktiv iştirakını təşviq etməyi hədəfləyir.