Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi 06 iyul 2025-ci il tarixində miqrant uşaqların cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xüsusi tədbir təşkil edib.
Avropa.info xəbər verir ki, tədbir çərçivəsində uşaqlara Süleyman Sani Axundovun məşhur “Qaraca Qız” hekayəsinin səhnələşdirilmiş versiyası təqdim olunub.
Tədbirdə Əfqanıstandan olan uşaqlar və valideynləri iştirak ediblər. Təlimçi Gülyaz Əsgərova iştirakçılara teatr sənəti barədə məlumat verib, S. S. Axundovun uşaqlar üçün yazdığı əsərlərdən bəhs edib. O, Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafında mühüm rol oynamış Axundovun “Qaraca Qız” əsərinin uşaq ədəbiyyatına böyük töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, əsər ilk dəfə Xalq yazıçısı Abdulla Şaiqlə birgə səhnələşdirilmiş və uzun illər teatr repertuarında uğurla nümayiş etdirilmişdir.
Tamaşa cəmiyyətin müxtəlif təbəqələrindən olan iki qızın — kübar ailədən çıxmış Ağca ilə sadə kənd qızı Qaraca qızın — dostluq hekayəsini təsvir edir. Əsərdə sosial fərqlərə baxmayaraq səmimi münasibətin qurulması və çətinliklərə qarşı davamlılığı ön plana çıxır. Qaraca qızın sədaqəti, fədakarlığı və dostunu xilas etmək üçün həyatını təhlükəyə atmaqdan çəkinməməsi tamaşanın əsas mənəvi xəttini təşkil edib.
Tamaşa uşaqlar və valideynlər tərəfindən böyük maraqla izlənib, xüsusilə Qaraca qız və Piri babanın faciəvi ölümü iştirakçılarda dərin kədər hissi yaradıb.
Tamaşadan sonra miqrant uşaqlar üçün Azərbaycan mətbəxinə məxsus ləziz təamlardan ibarət nahar süfrəsi təşkil olunub, müxtəlif şirin içkilər təqdim edilib. Nahar zamanı uşaqlar və valideynlər tamaşa haqqında müzakirələrini davam etdiriblər.