İsrailin Qəzza zolağının tamamilə zəbt edilməsi planına qarşı çıxan onlarla etirazçı atəşkəs və məhbus mübadiləsi razılaşması tələbi ilə paytaxt Təl-Əvivin əsas arteriyalarından biri olan Ayalon şossesini nəqliyyatın hərəkətinə bağlayıb.
Avropa.info “The Times of Israel”-ə istinadən xəbər verir ki, İsrailli etirazçılar baş nazir Benyamin Netanyahunun Qəzzaya hücum və işğal planları ilə bağlı keçirdiyi toplantıdan sonra küçələrə axışıb.
Qəzzanın bütün ərazisinin işğalına qarşı çıxan etirazçılar təkərləri yandıraraq magistral yolu bağlayıblar.
Qrup “İsrailli məhbusları gətirin. Qəzzada müharibəyə son verin” yazılı pankart açıb və Netanyahu hökumətinə qarşı şüarlar səsləndirib.
Magistral yol bir neçə saat bağlanıb, daha sonra nəqliyyatın hərəkəti üçün açılıb.
İsrail Baş Qərargah rəisi Eyal Zamir çərşənbə axşamı gecə keçirilən təhlükəsizlik toplantısında Netanyahuya Qəzza zolağına hücumların davam etdirilməsi ilə bağlı variantlar təqdim etdiyini və ordunun təhlükəsizlik kabinetinin verdiyi istənilən qərarı icra etməyə hazır olduğunu açıqlayıb.
İsrail dövlət telekanalı KAN-a danışan məsələdən xəbəri olan israilli mənbə Netanyahunun Qəzza zolağının tamamilə işğalına meylli olduğunu bildirib.
İsrail mediası Baş Qərargah rəisi Zamirin bütün Qəzza zolağının işğalı planına qarşı olduğunu bildirib.