Avqustun 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Parlamentlərarası Forum öz işinə başlayıb.
Avropa.info xəbər verir ki, tədbirdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Spiker Sahibə Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən birinci sessiyasına sədrlik edib. O, tədbirin uğurla təşkil olunmasına görə ev sahibi Türkmənistana təbriklərini çatdırıb.
Milli Məclisin sədri bildirib ki, bu forumun məqsədi dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə, tranzit ölkələrdə və inkişaf tərəfdaşlarında siyasət və proqramların formalaşdırılması və icrasında, həmçinin bu ölkələr üçün qəbul edilmiş Fəaliyyət Proqramları üzrə öhdəliklərin və prioritetlərin yerinə yetirilməsində parlamentlərin oynaya biləcəyi rolu qəbul etməkdir.
Spiker bildirib ki, son illər ərzində ölkəmiz nəqliyyat infrastrukturuna, o cümlədən Ələt Beynəlxalq Dəniz Ticarət Limanına, yeni avtomobil və dəmir yollarının inşasına milyardlarla dollar sərmayə yatırıb. Qeyd olunub ki, Transxəzər Orta Dəhliz və Şimal-Cənub dəhlizi boyunca yerləşən Azərbaycan bu gün Avrasiyanın nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.
Sahibə Qafarova qeyd edib ki, orta dəhlizin təməl daşı olan Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin regional əlaqəni yaxşılaşdırmaq öhdəliyinin sübutudur. Hazırda davam edən “Rəqəmsal İpək Yolu” layihəsi – Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel şəbəkəsi – rəqəmsal infrastrukturun və rəqəmsal təhlükəsizliyin inkişafına töhfə verəcək.





