Azərbaycan da zaman-zaman ideoloji təxribatlarla üzləşir. İstər müharibə, istərsə sülh dövründə geosiyasi mübarizənin əsas komponentlərindən biri kimi istifadə olunan ideloji hücumlar bu gün də davam edir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən və Qarabağda keçirilmiş bir günlük antiterror tədbirlərindən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı.
Uğurlarımızı gözü götürməyən bəzi beynəlxalq dairələr və Qərb ölkələri tərəfindən ölkəmizə qarşı ideoloji mübarizə aparıldı. Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında məhz ölkəmizə qarşı davam edən ideoloji təxribatlara qarşı mübarizənin formalaşdırılmasının vacibliyinə toxundu. Ölkə baçısı qeyd etdi ki, bu gün saxta, yəni, “fake news” adlandırılan xəbərlər, əfsuslar olsun ki, geniş vüsət alır. İstənilən yalan xəbər çox böyük fəsadlara gətirib çıxara bilər. Azərbaycan bu şər-böhtan kampaniyaları ilə daim üz-üzədir. Azərbaycana qarşı ideoloji təxribatlar iki istiqamətdə gedir.
1. Ermənistan və dünya ermənilərinin ərazi iddiaları.
2. Xaricdən maliyyələşən antiazərbaycan qüvvələrin və radikal ünsürlərin ölkə xaricində və daxilində milli-mənəvi ideologiyanı zədələmək, ictimai şüuru öz maraqlarına uyğun formalaşdırmaq cəhdləri.
Ölkə başçısı qeyd edib ki, bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik. Həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında.
Azərbaycana qarşı ideoloji müharibələrin istiqamətlərini aşağıdakı kimi təsnifləşdirmək olar.
1. Ermənistan və ona dəstək verən dairələr;
2. Beynəlxalq təşkilatlar və QHT-lər;
3. Beynəlxalq media;
İdeoloji təxribatların məqsədləri
1. Azərbaycanın beynəlxalq mövqeyini zəiflətmək;
2. İqtisadi təzyiq göstərmək;
3. Daxili sabitliyi pozmaq;
İdeoloji təxribatların hədəfləri
1. Qarabağ məsələsi: Azərbaycanın əldə etdiyi qələbəyə kölgə salmaq və ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatların mahiyyətini bilərəkdən təhrif etmək;
2. Enerji layihələri: Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi strateji layihələrin əsas müəllif və iştirakçısı olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində töhfə verməsinin qarşısını almaq. Azərbaycanı beynəlxalq kommunikasiya layihələrindən kənarda saxlamaqla onun xarici iqtisadi siyasətini zəiflətmək;
3. İnsan hüquqları və demokratiya mövzuları: Beynəlxalq təşkilatların, QHT-lərin, siyasi partiyaların vasitəsi ilə insan hüquqları və demokratiya məsələlərini daim gündəmdə saxlamaqla Azərbaycanın inkişafının qarşısını alımaq, əsas hədəflərdən yayındırmaq, ölkə daxilində sabitliyi pozmaq;
4. Multikulturalizm və dinlərarası ixtilaflar yaratmaq: Çoxmillətli və multikultural bir ölkə olan Azərbaycanda dini və etnik müstəvidə daim qarşıdurma yaratmaqla, məzhəblərarası fərqləri qabartmaqla cəmiyyəti gərginlikdə saxlamaq;
İdeoloji silah
Azərbaycanln 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə nəticəsində regionda formalaşan yeni reallıq, ölkəmizin artan beynəlxalq logistik statusu, QHT, siyasi institutlar və media sahəsində aparılan islahatlar, habelə siyasi dialoq mühitinin formalaşdırılması ölkəmizə qarşı aparılan ideoloji müharibəyə qarşı güclü mübarizə üsulu hesab edilməlidir.
Bu gün sosial şəbəkələr ən güclü ideoloji silahlar hesab olunurlar. Təsadüfi deyil ki, ABŞ, Rusiya, Çin kimi supergüclər informasiya müharibəsində məhz sosial şəbəkələrdən istifadə edirlər.
Bir sıra ölkələrdə Facebook, Instagram, WhatsApp, YouTube, X və s. sosial şəbəkə platformalarının qadağa edilməsi məhz ideoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır. Dünyanın ən inkişaf etmiş ölkələrdən sayılan Çində “Böyük Çin Firewall”ı vasitəsilə bir çox xarici sosial şəbəkələrə giriş qadağandır. Bunlara Facebook, X, YouTube və Instagram daxildir. Bunun əvəzinə, ölkədə TikTok, WeChat, Weibo və QQ kimi yerli platformalar istifadə olunur.
ABŞ-də TikTok-a qadağa ilə bağlı müzakirələr davam etdirilir. Ölkə hökuməti hesab edir ki, Çinin bu platformasında Amerika dövlətinə, cəmiyyətinə zərərli ideologiyalar təbliğ olunur.
Şimali Koreyada ümumiyyətlə internetə çıxış yoxdur və sadə vətəndaşlar üçün sosial şəbəkələrdən istifadə imkansızdır. Ölkədə yalnız daxili məlumat mübadiləsi üçün məhdud bir şəbəkə mövcuddur.
44 günlük Vətən müharibəsində informasiya təhlükəsizliyini qorumaq üçün Azərbaycanda bəzi sosial şəbəkə platformalarının fəaliyyətinə qadağa qoyulmuşdu. Həmin dövrdə mümkün erməni təxribatının qarşısını almaq məqsədilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, vətəndaşlara sosial mediada, telefon mesaj bölməsində və ya e-poçt adreslərinə daxil olan heç bir linkə daxil olmamağı, heç bir faylı yükləməməyə çağırmışdır. 29 sentyabr tarixində Anti-armenia Team haker qrupu tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus 10 GB həcmində məxfi sənədlər ələ keçirilmişdir. Karabakh Hacking Team qrupundan olan bir neçə haker Ermənistan hökumətinin elektron sənəd dövriyyəsi sistemini sındırıb. Nəticədə 50 TB həcmində sənədlər əldə edilib.
Hazırda Azərbaycanda heç bir sosial şəbəkəyə qadağa qoyulmayıb. Bununla belə Azərbaycanda xaricdən edilən ideoloji təxribatlara qarşı ciddi mübarizə aparılır. Bu mübarizə çoxşaxəlidir. Sosial şəbəkələrdə Azərbaycan dövlətinə, konstitusiya quruluşuna qarşı kampaniya aparanlar, cinayətkarlığı, separatizm və terrorçuluğu təbliğ edənlər məsuliyyətə cəlb olunurlar.
Bizim ən güclü ideoloji müdafiə silahımız azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir, milli məfkurədir. Azərbaycançılıq bizim həm dövlət həm də milli ideologiyamızdır.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Milli ideologiyaya yönəlik təxribatlar əleyhinə fəaliyyətin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.