Rusiyanın şərqindəki Kamçatka yarımadası yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələdən sonra Yaponiyanın şimalındakı Hokkaydo adasından ölkənin cənub-şərqindəki Vakayama prefekturasına qədər uzanan Sakit okean sahillərində hündürlüyü 3 metrə çatan sunami xəbərdarlığı edilib.
Avropa.info xəbər verir ki, Yaponiyanın dövlət televiziyası NHK- nın məlumatına görə, hakimiyyət orqanları hündürlüyü 3 metrə çata biləcək sunami xəbərdarlığından sonra “bütün xəbərdarlıqlar götürülənə qədər” evakuasiyaya çağırıb.
Zəlzələlərdən sonra Miyaqi prefekturasının İşinomaki limanında 50 santimetrlik sunami, Tokaçi limanında 40 santimetrlik sunami, Hokkaydonun cənub-şərqindəki Erimo şəhərində isə 30 santimetrlik sunami qeydə alınıb.
Tohoku və Kanto bölgələrində də hündürlüyü 20 ilə 40 santimetr arasında olan dalğalar müşahidə edilib.
Digər tərəfdən, ilkin məlumatlara görə, ciddi dağıntı qeydə alınmayıb.
Yaponiya Meteorologiya İdarəsi Kamçatka yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələdən sonra ölkənin Sakit okean sahilləri üçün sunami xəbərdarlığı verildikdən sonra mətbuat konfransı keçirib.
Agentliyin rəsmisi Kiyomoto Masaşi sahilə və ya çaylara yaxın olan insanları dərhal daha yüksək yerə təxliyə etməyə və xəbərdarlıq ləğv olunana qədər təhlükəsiz yerdə qalmağa çağırıb.
Kiyomoto sunamilərin uzun müddət ərzində təkrar-təkrar baş verə biləcəyi barədə xəbərdarlıq etdi, lakin artçı təkanların daha böyük ola biləcəyini söylədi.