İsrailin humanitar yardım axınını məhdudlaşdırdığı və humanitar fəlakətə səbəb olduğu Qəzza zolağında daha bir uşağın aclıqdan öldüyü bildirilir.
Avropa.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın Qəzza zolağındakı Əl-Əqsa Şəhidləri Xəstəxanasındakı mənbələrə istinadən verdiyi məlumata görə, 4 yaşlı Rezzan Əbu Zahir qida çatışmazlığı və aclıqdan yaranan ağırlaşmalar nəticəsində dünyasını dəyişib.
Hesabatda Qəzza zolağında xəstəxanalarda müxtəlif yaşda olan yüzlərlə insanın ağır aclıq və qida çatışmazlığı ilə üzləşdiyi bildirilib.
Qəzzada 17 min uşaq ağır qida çatışmazlığından əziyyət çəkir
Qəzzada 17 min uşağın ağır qida çatışmazlığından əziyyət çəkdiyi, xəstələrin şiddətli aclığın yaratdığı stress və yaddaş itkisindən müalicə edildiyi bildirilib.
Xroniki qida çatışmazlığından əziyyət çəkən çoxsaylı xəstələr üçün xəstəxanalarda çarpayıların və dərmanların kifayət qədər olmadığı vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin Qəzza zolağının blokadası səbəbindən mart və iyun ayları arasında beş yaşından kiçik uşaqlar arasında qida çatışmazlığının iki dəfə artdığı barədə xəbərdarlıq edib.
İsrail mart ayından etibarən sərhəd keçidlərini bağlayaraq Qəzza zolağına tibbi və humanitar yardımların daxil olmasına mane olur. 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücum edən İsrail “aclıq” siyasəti ilə bölgədə böyük humanitar fəlakətə səbəb olur.