ABŞ prezidenti Donald Trampa ayaqlarında şişlik yarandıqdan sonra xroniki venoz çatışmazlıq diaqnozu qoyulub. Ağ Ev cümə axşamı hərtərəfli qiymətləndirmədən sonra diaqnozu açıqladı.
Xroniki venoz çatışmazlıq ayaqlardakı damarlar kifayət qədər qanı ürəyə qaytara bilmədikdə baş verir. Bu, şişlik, ağrı, varikoz damarları və ağır hallarda topuq və ayaqlarda açıq yaralara səbəb ola bilər.
Bildirilib ki, Trampın diaqnozuna onun ayaqlarında əhəmiyyətli dərəcədə şişkinlik səbəb olub.
Mütəxəssislər ürək çatışmazlığı, böyrək xəstəliyi, damar tıkanıklığı kimi oxşar simptomlara səbəb ola biləcək ciddi vəziyyətlərin istisna edildiyini bildiriblər. Diaqnoz ayaq damarlarının Doppler ultrasəs müayinəsindən sonra təsdiqlənib.
Hərəkətsizlik və yaş risklər yaradır
Xəstəliyin ən çox yayılmış səbəbləri arasında uzun müddət oturma və ya ayaqda durma, damar klapanlarının zədələnməsi, artıq çəki və qocalıq var.
Trampın 78 yaşı xəstəlik üçün əhəmiyyətli risk faktoru hesab edilir.
Ağ Evdəki mənbələr Trampın müalicəsinin başladığını və kompressiya corabları ilə dəstəkləndiyini açıqlayıb.
Müalicənin bir hissəsi olaraq, ayaqları yüksək tutmaq, müntəzəm məşqlər və çəki nəzarəti də tövsiyə olunur.
Mütəxəssislərin fikrincə, erkən müdaxilə ilə xəstəliklə mübarizə aparmaq olar. Lazım gələrsə, dərman və ya venadaxili müdaxilələr də tətbiq oluna bilər.