Fələstin torpaqlarını ələ keçirən israillilər işğal altındakı İordan çayının qərb sahilində Ramallah şəhərinin şərqindəki Ayn Samiya su quyularına hücum edib.
Avropa.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Ramallahın şimal-şərqindəki Kefr Malik qəsəbəsinin şərqində yerləşən Ayn Samiya quyularının texniki avadanlıqları İsrailin hücumları nəticəsində ciddi ziyan görüb.
Səhər saatlarında baş verən hücum zamanı fanatik israillilər su stansiyalarından birinin qapısını sındıraraq, ərazidəki təhlükəsizlik kameralarına ziyan vurublar.
Bildirilib ki, dağıntı səbəbindən su quyuları ilə məsafədən əlaqə və istiqamətləndirmə kəsilib.
Qüds Su İdarəsi hücumla bağlı yazılı açıqlama verərək , aramsız hücumlarla bağlı İsrail səlahiyyətlilərinə edilən şikayətlərə baxmayaraq, lazımi tədbirlərin görülmədiyini ifadə edərək, hücumların dayandırılmadığı təqdirdə bölgədə “əsl fəlakətin yaşanacağı” xəbərdarlığını edib.
Hücuma məruz qalan su quyuları və paylayıcı mərkəz strateji əhəmiyyətə malikdir, regionun onlarla kənd və qəsəbəsinin suya olan tələbatını ödəyir.
Fələstin torpaqlarını qəsb edən israillilər ötən həftə Ayn Samiya su quyularına oxşar hücumlar həyata keçiriblər.