Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun Xarkov şəhərinə endirdiyi hava hücumunda doğum evinin hədəf alındığını və içəridə olan bir neçə nəfərin yaralandığını bildirib.
Avropa.info bildirir ki, Zelenski Telegram hesabında yazdığı paylaşımda rusların bu gün ölkəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib.
Xarkov şəhərindəki hücumda 9 nəfərin yaralandığını bildirən Zelenski doğum evinin də hədəf alındığını və oradakı “bir neçə nəfərin” yaralandığını qeyd edib.
“Yaralananlar arasında doğum evində olan qadınlar da var. Doğuş edən və əməliyyat olunan qadınlar var”, – Zelenski mesajında bildirib.
Rusiya ordusunun Odessa, Sumi, Nikolayev və Dnepropetrovsk vilayətlərinə də hücumlar təşkil etdiyini bildirən Zelenski, “Ruslar davamlı olaraq pilotsuz təyyarələr, raketlər və hava bombaları ilə hücum edir” dedi.
Ukrayna Silahlı Qüvvələrindən verilən yazılı açıqlamaya görə, ruslar ümumilikdə 79 PUA ilə ölkəyə hücum edib.
Açıqlamada 44 PUA-nın Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edildiyi və ya yönləndirilərək zərərsizləşdirildiyi bildirilib.