9 iyul 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi çərçivəsində təşkil olunan görüşə ev sahibliyi edib. Görüşdə I və II Qarabağ müharibəsi iştirakçıları, layihə rəhbəri və kitabxana əməkdaşları iştirak ediblər.
Bu barədə Avropa.info-ya Kitabxanadan məlumat verilib
Layihənin rəhbəri, I Qarabağ müharibəsinin fəal iştirakçısı və həmin dövrdə “qaynar nöqtələrdə” jurnalist kimi fəaliyyət göstərmiş Bədirxan Əhmədov layihənin məqsəd və əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu təşəbbüsün əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin gənc nəslə çatdırılması və qəhrəman döyüşçülərin tanıdılmasıdır.
Tədbir zamanı layihənin əhatə dairəsi, keçirilən görüşlər və gələcək planlar haqqında ətraflı məlumat verilib. Eyni zamanda bildirilib ki, layihə çərçivəsində “Vətən və Zəfər nəğmələri” adlı yeni nəşr işıq üzü görəcək. Bu nəşrdə həm I, həm də II Qarabağ müharibəsi dövründə ifa olunan hərbi marşlar toplanılacaq.
Tədbir qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib. Sonda məktəblilərlə bu mövzu üzrə yeni tədris ilində maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılıb.