İran parlamentinin keçmiş sədr müavini Əli Mütəhhəri ölkəsinin Rusiyaya Ukrayna müharibəsində istifadə etmək üçün pilotsuz uçuş aparatları göndərdiyi halda, Moskvanın Tehrana S-400 Havadan Müdafiə Sistemləri (HHM) satmaqdan imtina etməsini tənqid edib.
Avropa.info xəbər verir ki, keçmiş vitse-spikeri Əli Mütəhhəri ölkəsinin Ukrayna müharibəsində istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları (PUA) göndərdiyini təsdiqləyib. Buna baxmayaraq, Mütəhhəri Rusiyanın İrana S-400 hava hücumundan müdafiə sistemi satmaqdan imtina etməsini anlamadığını bildirib.
“Rusiya S-400-ləri Türkiyə və Səudiyyə Ərəbistanına satdı, ancaq müharibədə onu dəstəkləyən İrana vermədi”, – deyə İran parlamentinin keçmiş vitse-spikeri Moskvanı ittiham edib.
Mütəhhəri Putinin bəyan etdiyi İran-Rusiya “strateji əməkdaşlığı”nı da şübhə altına alıb.
İran 2007-ci ildə imzalanmış müqavilə əsasında Moskvadan S-300 sistemlərini 2016-cı ildə ala bildi. Tehranın S-400-lərlə bağlı müraciətləri isə cavabsız qalıb.