23 iyun 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasında “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib.
Avropa.info xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca, kitabxana əməkdaşları uşaqlara 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı barədə məlumat verərək, mövzuya dair mütaliə üçün müxtəlif kitablar tövsiyə ediblər.
Uşaqlar oxuduqları kitablar haqqında fikirlərini bölüşüb, qəhrəmanlıq və vətənpərvərlik mövzularına toxunublar. Müzakirənin sonunda mövzu ilə bağlı sual-cavab aparılıb, uşaqların düşüncə və təəssüratları dinlənilib.
Tədbirin sonunda Milli Qəhrəman Xudayar Yusifzadəyə həsr olunmuş videoçarx nümayiş olunub. Uşaqlar qəhrəmanımızın göstərdiyi şücaət və vətən sevgisi ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin əsas məqsədi uşaqlarda vətənpərvərlik hissini oyatmaq, onlara Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlıq tarixini tanıtmaqdır.