Suriyanın Daxili İşlər Nazirliyi təhlükəsizlik əməliyyatı çərçivəsində devrilmiş rejim rəhbəri Bəşər Əsədin əmisi oğlu Vasim Əsədin saxlanıldığını bildirib.
Avropa.info xəbər verir ki, nazirliyin “Telegram” kanalında yayımlanan məlumata görə, Vasim Əsəd Daxili İşlər Nazirliyinə tabe olan bölmələrlə birgə Baş Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.
“Baş Kəşfiyyat İdarəsi, Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə əməkdaşlıq çərçivəsində pusqu quraraq keçmiş rejim dövründə törədilmiş çoxsaylı cinayətlərdə iştirak etmiş cinayətkar Vasim Əsədi saxlayıb. O, ölkənin ən nüfuzlu narkotacirlərindən biri kimi tanınırdı”, – deyə məlumatda qeyd edilir.
1980-ci ildə anadan olmuş, evlidir və Tartus şəhərində yaşayır. Vasim Əsəd uzun illər ərzində Suriyanın narkoticarətində əsas fiqurlardan biri hesab olunurdu. ABŞ və Avropa İttifaqının sanksiyaları altındadır.
O, xüsusilə narkotik tərkibli həb istehsalı və qaçaqmalçılığı təşkilatçısı kimi tanınıb. Həm maliyyə, həm də logistika baxımından narkotik şəbəkəsinin ən nüfuzlu üzvlərindən biri hesab olunurdu.