ABŞ-da nəşr olunan Wall Street Journal (WSJ) qəzetinin sorğusuna əsasən, amerikalıların 45 faizi ölkələrinin İrana mümkün hava zərbələrini dəstəkləmir.
WSJ 1000 ABŞ vətəndaşı arasında sorğu keçirərək, onların ölkələrinin İrana potensial hava hücumlarını dəstəkləyib-dəstəkləmədiklərini soruşub.
Avropa.info xəbər verir ki, rəyi soruşulanların 45 faizi açıq şəkildə hücuma qarşı olduqlarını bildiriblər.
Respondentlərin 30 faizi əmin olmadığını, 25 faizi isə İrana mümkün hava hücumunu dəstəklədiyini bildirib.
Demokratların üçdə ikisi buna qarşıdır
Rəyi soruşulan demokratların üçdə ikisi İrana hava hücumlarına qarşı olduqlarını bildirib.
Digər tərəfdən, respublikaçıların 47 faizi hücumları dəstəklədiklərini, 24 faizi onlara qarşı olduqlarını, 29 faizi isə məsələ ilə bağlı heç bir fikri olmadığını bildirib.
Sorğuda iştirak edən hər 10 nəfərdən 7-si İsrailin İrana hücumlarından xəbərdar olduğunu bildirib.
Respondentlərin 39 faizi ABŞ-ın İranla genişmiqyaslı müharibəyə girməsi ehtimalından çox narahat olduqlarını , 43 faizi isə müəyyən qədər narahat olduqlarını bildirib.
Rəyi soruşulanların 70 faizi İranın nüvə proqramını ABŞ üçün təhlükə kimi qiymətləndirib.